Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi və bir gülük antiterror tədbirləri ilə torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi. Bununla da ərazimizdə separatizmin kökü kəsildi. Hər iki əməliyyat 45 gün çəksə də, bunun arxasında Ermənistanın zülmü, işgəncəsi, işğalı, soyqırımı, yüz minlərlə insanın öz yerlərindən məcburi köçürülməsi və minlərlə insanın qətl edilməsi kimi ağır cinayətləri əhatə edən 35 illik qanlı tarix var.
Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə beynəlxalq hüququn güc tətbiq edilməsi və güc təhdidi qadağandır, beynəlxalq mübahisələr sülh yolu ilə həll edilməlidir, dövlətlərin bərabər suverenliyi var, dövlətlərin sərhədləri toxunulmazdır, dövlətlərin ərazi bütövlüyü qorunmalıdır, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməlidir, dövlətlər beynəlxalq hüquq çərçivəsində öhdəliklərini vicdanla yerinə yetirməlidir prinsiplərini pozub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Ermənistan silahlı münaqişənin başladılması və aparılması ilə beynəlxalq hüququn nəzərdə tutulan 10 prinsipinin böyük hissəsini, eyni zamanda, bir çox Konvensiyaların və müharibə qanunu kimi tanınan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə və böyük həcmdə pozub. Törədilən cinayət əməlləri dövlət tərəfindən təşkil olunmuş silahlı birləşmələr və ya dövləti təmsil edən şəxslər tərəfindən, eyni zamanda, dövlətin siyasi qərarı ilə həyata keçirilib.
“Beynəlxalq humanitar hüququn pozulması beynəlxalq cinayət məsuliyyəti yaradır və belə hallar “insanlıq əleyhinə”, “müharibə cinayətləri” və “soyqırımı” cinayətləri kimi tövsif olunur. Həmçinin işğal dövründə təbiətə, ətraf mühitə, flora və faunaya böyük zərər vurulmuş, mədəni sərvətlərimiz talan edilmişdi. Bu əməllər həm də Azərbaycanın milli qanunvericiliyi ilə məsuliyyət yaradır. Ona görə Ermənistan dövləti ilə yanaşı, ayrı-ayrı fiziki və hüquqi şəxslər də məsuliyyət daşıyırlar. Bu kateqoriya cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyə müddət şamil olunmur. Yəni, cinayət hadisəsinin baş verməsindən uzun müddət keçsə də, cinayət məsuliyyətinə cəlb edilmə üçün müddətinin keçməsi nəzərə alınmır.
Ölkəmizə və vətəndaşlarımıza qarşı ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərin bir çoxu birgünlük antiterror əməliyyatından sonra saxlanılıblar. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü “Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, 116-cı “Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”, 117-ci “Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə”, 120-ci “Qəsdən adam öldürmə”, 214-cü “Terrorçuluq”, 214-1-ci “Terrorçuluğu maliyyələşdirmə”, 214-3-cü “Terrorçuluq məqsədi ilə təlim keçmə”, 218-ci “Cinayətkar birlik (təşkilat) yaratma” və 279-cü “ Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma” maddələri ilə təqsirləndirilirlər”, -deyə Y.Hacızadə vurğulayıb.
Politoloqun sözlərinə görə, biz torpaqlarımızı Ermənistanın işğalından azad edərək beynəlxalq hüququ bərpa etdik. Biz, bundan əlavə, torpaqlarımızın işğalında, xalqımıza qarşı zülmün edilməsində, milli, mədəni, maddi sərvətlərimizin talanmasında iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunmasını, cəzalanmasını təmin etməliyik. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.