Almaniyanın müdafiə naziri Boris Pistorius “Der Spiegel”-in kansler Olaf Şols administrasiyasının Ukraynaya üç milyard avro dəyərində yeni hərbi yardım paketini əngəllədiyi barədə məlumatı təkzib edib.
Bundan əvvəl “Yaşıllar” kansler Şolsu məsuliyyətsiz “seçki manevri”ndə ittiham etmişdilər. Onların fikrincə, kansler və onun administrasiyası xarici işlər naziri Annalena Baerbokun Pistoriusla birgə hazırladığı Ukraynaya əlavə yardım paketinin qarşısını alıb.
"Heç bir blokada yoxdur. Biz Müdafiə Nazirliyi olaraq Ukraynaya yeni yardım paketi hazırlamışıq. Amma Almaniya hökumətində daxili təsdiqləmə prosesi hələ tamamlanmayıb", - Pistorius “Tagesspiegel” qəzetinə deyib.
Olaf Şolsun partiya yoldaşı bütün məsələlərə aydınlıq gətirildikdən sonra müvafiq qərar gözlədiyini vurğulayıb.
“Süddeutsche Zeitung” qəzeti Müdafiə Nazirliyindən planlaşdırılan yardımların konkret siyahısı ilə bağlı sənədlər alıb. Buraya üç İris-T SLS/SLM hava hücumundan müdafiə sistemi, onlar və “Patriot” hava hücumundan müdafiə sistemi üçün idarə olunan raketlər, üç “Skyranger” hava hücumundan müdafiə sistemi, 30.000 artilleriya mərmi, 20 zirehli maşın, 10 haubitsa və dronların alınması üçün 50 milyon avro daxildir.
Nəşrin məlumatına görə, kansler ofisi hesab edir ki, hazırda Ukraynaya yardım planlaşdırıldığı kimi həyata keçirilir. Kiyev də əvvəllər Qərb tərəfdaşlarının təqdim etdiyi 50 milyard avroluq yardım paketindən özü də silah ala bilər. Əlavə yardımı fevralın 23-dən sonra hakimiyyətə gələcək Almaniya hökuməti müzakirə etməli olacaq.
“AzPolitika.info”