AZ

Dələduzluq edən təhsil şirkətləri: "Rəsmi mənbələrdən araşdırılmalıdır"

Hər il abituriyentlərin və tələbələrin bir qismi Türkiyə, ABŞ, İngiltərə, həmçinin Avropa və Asiyanın bir sıra ölkələrində təhsil almaq üçün müraciət edirlər. Bu, xarici universitetlərə qəbul şərtlərinin daha asan olması ilə əlaqələndirilir.

 

Lakin bəzi təhsil şirkətləri abituriyentlərin və ya tələbələrin arzularını ürəyində qoyur. Onlar, xaricdə təhsil ilə bağlı bəzi vədlər verərək valideynləri aldatmağa çalışırlar.

 

Bəs belə bir vəziyyətdə valideynlər nələrə diqqət etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədli bildirib ki, bu cür hallar illərdir ki, davam edir:

153170

 

“Ona görə də təəssüflər olsun ki, valideynlərin əksəriyyəti xaricdə təhsil bazarına dələduzluq kimi yanaşırlar. Aldatma faktı çox yayıldığı üçün artıq heç kəs heç kimə inana bilmir. Valideynlər belə düşünür: “Övladım uzaq şəhərə getməsin, mənim yanımda olsun, eyni zamanda hərbi çağırışdan möhlət hüququ əldə etsin, oxuduğu müddətdə ödəniş etməsin və bitirdiyi diplom hər yerdə tanınsın". Bu təkliflər qulağa xoş gəlir, buna görə də dələduz şirkətlər bu cür reklamlar verirlər. Valideynlər isə həmin təkliflərlə razılaşırlar, çünki istəyirlər ki, övladları onların yanlarında olsun. Biz valideynlərə dəfələrlə müraciət edirik ki, əgər övladınızın xaricdə təhsil almasını istəyirsinizsə, təklif olunan universitetlərin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TTKA) saytında araşdırsınlar. Beləliklə, universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmadığını öyrənə bilərsiniz. Həmçinin, hansı təhsil növünün ölkəmizdə tanındığı barədə də məlumat əldə etmək lazımdır. Bu məsələ çox vacib olduğu üçün sosial mediaya inanmaq düzgün deyil".

 

Ramal Şəmşədli əlavə edib ki, valideynlər müraciət etdikləri şirkətləri düzgün araşdırmırlar:

 

“Valideynlər müqavilə bağladıqda, müqavilənin şərtləri ilə yaxından tanış olmalıdırlar. Bəzən insanlar müqaviləni tam başa düşmürlər, amma bu zaman hüquqşünasla əlaqə saxlamaları tövsiyə olunur. Hüquqşünasdan tələb etməlidirlər ki, müqavilədə təqdim olunan şərtlər nədir. Yalnız bundan sonra müqavilə bağlanmalıdır.

 

Valideynlərə bir başqa tövsiyəim odur ki, müraciət etdikləri şirkətə əvvəlcədən ödəniş etməsinlər. Hazırda ən çox üz tutulan ölkələrdən biri də Türkiyədir. Orada dövlət və özəl universitetlər hər biri tanınır. Atatürk Universiteti və Anadolu Universitetində distant təhsil forması var. Təəssüflər olsun ki, bəzən bu təhsil növü qiyabi olaraq reklam edilir və deyilir ki, diplom tanınacaqdır. Bir çox valideyn buna aldanır. Həmçinin, Gürcüstanda qiyabi təhsil forması yoxdur, amma bəzi şirkətlər bunu əyani adı ilə təqdim edir və “ildə 2 dəfə gedib gələcəksiniz, diplom təsdiqlənəcək”,- kimi vədlər verirlər. TTKA-nın ötən ilki açıqlamasında hansı diplomların tanındığı və hansılarının tanınmadığı bildirilmişdir. Ən çox tanınmayan ölkə sıralamasında Gürcüstan yer alır. Bu səbəbdən, valideynlər mütəxəssislərə müraciət etməlidirlər. Bəzən valideynlərə deyilir ki, Türkiyədə Atatürk Universitetinə attestatla qəbul olmaq mümkündür. Valideynlər ödəniş edir, lakin nəticədə ortada qalır. Belə hallarla qarşılaşmamaq üçün valideynlər ilk növbədə universitetin rəsmi saytına daxil olub, əcnəbi vətəndaşlar üçün qəbul qaydaları ilə tanış olmalıdırlar. Ən böyük problemimiz bu cür informasiyaların düzgün çatdırılmamasıdır. Buna görə də maarifləndirici addımlar atılmalıdır".

Seçilən
3
azedu.az

1Mənbələr