AZ

Kanada Trampın təzyiqlərinə boyun əyməyəcək – Keçmiş baş nazirin cavabı – ÖZƏL

Kanadalılar öz müstəqilliklərini yüksək qiymətləndirir və onları təhdidlər və təhqirlər yolu ilə inandırmaq mümkün deyil. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Kanadanın keçmiş baş naziri Jan Kretyen ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa ünvanladığı müraciətində ifadə edib. Kretyenin yazısı The Globe and Mail qəzetində dərc olunub.

"Donald Tramp, yaşlıdan yaşlıya: Özünə gəl!" - deyə Kretyen müraciətində bildirib.

Keçmiş baş nazir Kanadanın hər iki dünya müharibəsinə ABŞ-dən daha əvvəl qoşulduğunu, böyük itkilər verdiyini və fövqəladə fədakarlıqlar etdiyini xatırladıb. O, həmçinin vurğulayıb ki, Kanada ABŞ-nin İraqdakı müharibəyə sürükləmə cəhdinə "yox" demək cəsarətini göstərib.

Kretyen Kanadadakı federal və yerli siyasətçilərə səslənərək möhkəmlik nümayiş etdirməyə çağırıb. "Ancaq yalnız müdafiə olunaraq xokkey matçını qazana bilməzsiniz. Biz hamımız bilirik ki, Trampın bir tələbini yerinə yetirsək belə, o, daha böyük bir tələblə geri dönəcək. Bu diplomatiya deyil, bu şantajdır. Bu pis dövrəni qıracaq başqa bir yanaşmaya ehtiyacımız var," - deyə Kretyen əlavə edib.

Kretyenin bu müraciəti onun 91-ci doğum günündə dərc edilib. Xatırladaq ki, Donald Tramp bu ilin iyun ayında 79 yaşını qeyd edəcək.

Qeyd edək ki, Tramp Kanadadan və Meksikadan ABŞ-ə gətirilən bütün mallara 25 faiz vergi tətbiq edəcəyini, hətta Kanadanı 51-ci ştat kimi ABŞ-ə birləşdirmək istədiyini dəfələrlə bəyan edib. O, Kanadalıların vergi ödənişlərinin 60 faiz azalacağını və Kanada biznesinin "dərhal ikiqat böyüyəcəyini" vəd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr