AZ

Kreditlərlə bağlı yeni qaydalar: bankdan pul götürmək asanlaşır?



Xəbər verdiyimiz kimi, Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Bununi əsasında bankların sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10 faizindən artıq olmamaq şərti ilə kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda kreditlərin verilməsi dayandırılacaq.

Qeyd edək ki, davranış modeli - borcalana dair məlumatlar əsasında onun proqnozlaşdırılmış gəlirinin müəyyənləşdirilməsi üçün tətbiq olunan metoddur. Davranış modelinin hazırlanması prosesinə maraqlar münaqişəsinə yol vermədən bankın digər struktur bölmələrinin əməkdaşları və (və ya) kənar ekspertlər cəlb edilə bilər. Modelin validasiyası - ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə tətbiq olunan modelin adekvatlığının müəyyən edilməsi üçün həyata keçirilən qiymətləndirmə prosesidir.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a bildirib ki, iqtisadiyyatın prioritet istiqamətləri üçün məqsədli, yumşaldılmış, əlçatan kredit resursları təklif olunmalıdır. Bunun üçün məqsədli emisiya həyata keirilməlidir. Eyni zamanda banklar iqtisadiyyatdakı rentabellik göstəricilərinə və iqtisadiyyat üçün prioritet olan istiqamətlərə əsaslanaraq kredit siyasətini həyata keçirməlidir:


" Bütün bunlar iqtisadiyyatda real sektora investisiyaların artımına xidmət etməlidir”.

Ekspert hesab edir ki, kreditlər təyinatı üzrə istifadə olunursa, sahibkarların sonrakı dövrlərdə də kredit resurslarına çıxışı təmin olunmalıdırlar:

"Bununla paralel ayrılan vəsaitlərin iqtisadiyyat üçün nə dərəcədə prioritet olması nəzərə alınmalı, ona uyğun da faiz dərəcələri dəyişdirilməlidir. Çünki kənd təsərrüfatı ilə maliyyə sektorunu və yaxud, istehlak kreditilə istehsala, investisiyalara yönəlik kreditləri eyni faizlərlə maliyyələşdirmək heç bir məntiqə sığmır. Bunun iqtisadi inkişafa müsbət təsirləri olmayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, davranış modelləri əsasında kreditləşməyə dair qaydalarla bağlı Mərkəzi Bank uzun müddətdir, müzakirələr aparırdı:


"Burada əsas məqsəd ondan ibarətdir ki, kreditlərin verilməsi tarixcəsi və müştərilər arasında fərqlər yaransın. Çünki vaxtlı-vaxtında kreditini ödəyən, kredit öhdəliklərini yerinə yetirən müştəri ilə bəzi gecikmələrlə kreditini ödəyən və ya ödəməkdə çətinlik çəkən, ödəməyənlər arasında bir fərq olmalıdır. Bu, beynəlxaq praktikada da mövcuddur. Yəni istənilən vətəndaşın və ya şirkətin kredit tarixcəsi mövcud olur. O kredit tarixcəsi nə qədər təmizdirsə, yaxşıdırsa, növbəti kredit götürən zaman üstünlüklər qazanılır. Banklar da özünü sığortalamış olur. Problemli şəxslərə verilən kredirlərin sayı azalır deyə problemli kreditlərin həcmində də azalma olur. İşin mənfi tərəfi isə ondan ibarətdir ki, vətəndaş və ya şirkət öz öhdəliklərini yerinə yetirməklə bağlı problemlər yaşayıb, sonradan problemlərini həll edib, amma yenə də "qara sıyahı"ya adı düşüb. Bu nüans vətəndaş və şirkətlər üçün problem yarada bilər”.

Maliyyə-bank eksperti Əkrəm Həsənov deyir ki, davranış modelinin qəbulundan sonra banklar tərəfindən kredit verərkən artıq əvvəlki kimi bütün müştərilərə eyni münasibət göstərilməyəcək: “Nəticədə bəzi müştərilərə münasibətdə kredit şərtləri asanlaşa bilər.


Ancaq hələlik həmin davranış modelinin özü yoxdur. Ona görə də onun hansı formada olacağını indidən demək çətindir. Çünki hələlik heç bir bank onu təsdiqləməyib".

İqtisadçı millət vəkili Vüqar Bayramovun dediyinə görə, sözügedən modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır:


"Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? Bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı? Davranış kredit modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni, vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu model dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir. Bu zaman ən ciddi çağrışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmlərdən istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq".

Mərkəzi Bankdan bildirilib ki, müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması, müştəri yönümlü olması, süni intellekt həllərin tətbiqi nəticəsində proqnozlaşdırılan məlumatların dəqiqliyinin daha da artımı ənənəvi bank xidmətlərinin alternativ kanallarla daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırır. Davranış modelləri üzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də bu imkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərə banklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verilişini təmin edəcək. Qəbul edilmiş dəyişikliklərdə davranış modelinin hazırlanması prosesinə, bankda bu sahədə potensialın artırılmasına, modelin validasiyasına və hesabatlığına dair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlər üzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərt təsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyən edilib: "Bütövlükdə, kreditləşmə prosesində davranış modellərindən istifadə müştərilərin bank kreditlərinə əlçatanlığının artırılmasına xidmət edəcək. Bu isə, öz nəvbəsində kiçik və orta sahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə, eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcək. Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardan istifadə imkanı bankların biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kredit anderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə, dəqiqliyinin artırılmasına, bununla da kredit risklərinin azaldılmasına töhfə verəcək".

Sevinc,
BakuPost

Seçilən
9
bakupost.az

1Mənbələr