Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var. O, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: “Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz”.
Siyasi analitik Kənan Novruzov Editor.az- a mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib:
“Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən PKK yaraqlılarına ultimatum verib. Onun sözlərinə görə, rəsmi Ankara PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.
Əvvəl də dediyimiz kimi, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıq yaranıb. Bu yeni reallıq Türkiyə üçün indiyə qədər mövcud olan terror təhdidinə qarşı mübarizənin gücləndirilməsinə şərait yaradır.
İndiyədək mövcud olan Əsəd rejimi Türkiyənin terrorla mübarizəsini qismən çətinləşdirirdi. Amma daha elə bir problem yoxdur”.
K. Novruzovun sözlərinə görə, Türkiyənin Suriyanın yeni hakimiyyəti ilə təmasları intensivləşdirməsi birbaşa olaraq terrorla mübarizə məsələsi ilə bağlıdır:
“Hətta istisna deyil ki, üsyançılar hakimiyyətə gəlməzdən əvvəl Ankara ilə müəyyən gizli sövdələşmə əldə olunmuşdu. İndi Suriya hakimiyyəti ilə Türkiyə bir- birilərinin “əllərinə oynayacaqlar. Təsadüfi deyil ki, Ankara beynəlxalq ictimaiyyətin Dəməşqə qarşı təzyiqlərini azaltmağa çalışır və Suriyanın bərpasına dəstək verir. Bunun müqabilində Suriya da Türkiyənin təhlükəsizlik maraqlarına müvafiq olaraq terrorla mübarizəsinə dəstək verəcək.
Türkiyənin Suriyada genişmiqyaslı antiterror əməliyyatına başlaması tamamilə mümkündür. Artıq anonsu verilən əməliyyatların qarşıdakı dövrdə başlamasının şahidi ola bilərik.
Amma bundan əvvəl həm Suriyadakı yeni hakimiyyət, həm də ABŞ, Rusiya və İranla diplomatik təmaslar intensivləşəcək. Əgər yeni rejim terrorçuların ölkə ərazisindən tamamilə çıxarılmasına söz verməsə, əməliyyatlar başlayacaq.
Ümumiyyətlə, Türkiyə bu il terror təhdidinə tamamilə son qoymaqda israrlıdır. Bunun üçün münbit şərait var. Odur ki, Ankara bütün diplomatik və hərbi imkanlardan istifadə edəcək”.
Analitik qeyd edib ki, Ərdoğanın bu dəfəki açıqlamasında ən diqqətçəkən məqam onun “xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz” cümləsidir:
“Bu həm də terrorçuları dəstəkləmək istəyənlərə xəbərdarlıqdır. Ərdoğan daha əvvəl söyləmişdi ki, Suriyadakı terrorçular özlərinə yeni rəhbər axtarırlar. Bu baxımdan ölkə liderinin sonuncu mesajı xüsusi əhəmiyyətlidir. Bu, həm terrorçulara, həm də onlardan rəsmi Ankaraya qarşı istifadə etmək istəyənlətə ismarışdır.
//Gülnarə Abasova, Editor.az