Los-Anceles Bölgəsi Tibbi Ekspertiza İdarəsi yanğınlarda ölənlərin sayı ilə bağlı yenilənmiş məlumatları yayınlayıb. Açıqlamada yanğın nəticəsində həyatını itirənlərin sayının 24-ə yüksəldiyi, 16 nəfərdən isə hələ də xəbər alınmadığı bildirilib. Həmçinin, bu rəqəmlərin artma ehtimalının olduğu vurğulanıb. Digər tərəfdən, təxminən 150 min nəfər üçün təxliyə əmri verildiyi, 700-dən çox sakinin isə sığınacaqlara yerləşdirildiyi qeyd edilib. Milli Meteorologiya Xidmətinin rəsmiləri yanğını daha da şiddətləndirə biləcək küləklərin 15 yanvar tarixinə qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Los-Anceles yerli hakimiyyəti keçirdiyi mətbuat konfransında yanğınlarla bağlı son vəziyyət haqqında məlumat verib. Los-Anceles İdarə Bölgəsinin şerifi Robert Luna yanğınlarla əlaqədar indiyədək 29 nəfərin saxlanıldığını bildirib. Onlardan 4-ü komendant saatını pozduğu, digərlərinin isə qarət və oğurluq, o cümlədən bəzi hallarda yanğınsöndürən kimi davranaraq bu cür cinayətlərə qarışdığı qeyd olunub.
Şəhərin meri Karen Bass meşə yanğınlarından zərər çəkən şəhər sakinlərinə dəstək üçün Kaliforniya İcma Fondunun Vəhşi Təbiətin Bərpası Fondu vasitəsilə indiyədək 6 milyon dollardan çox vəsait toplandığını açıqlayıb. O, 13 mindən çox insanın ianə etdiyini bildirərək “İnsanlar hər yerdən bizə kömək etmək və qarşıdakı günlərə hazır olduğumuzdan əmin olmaq üçün gəlirlər. Buna görə onlara təşəkkür etmək istəyirəm” deyə qeyd edib.
Yanğınların vurduğu ilkin ziyanın 57 milyard dollar olduğu açıqlanıb. Özəl şirkət olan “AccuWeather” isə əvvəlcədən proqnozlara əsasən bu ziyanın və iqtisadi itkilərin 135-150 milyard dollar arasında dəyişə biləcəyini bildirib.
Qeyd edək ki, Los-Ancelesin müxtəlif bölgələrində 7 yanvar axşamı başlayan və güclü küləklər səbəbindən sürətlə yayılan yanğınlar indiyədək 37 min akr ərazini külə çevirib. Şəhər hakimiyyətinin verdiyi məlumata görə, 12 mindən çox bina zərər görüb, daha 57 min tikili isə yanğın təhlükəsi altındadır.