AZ

Azərbaycan yeni dünya düzənində ŞƏRH

Bakı, 13 yanvar, AZƏRTAC

Yeni dünya düzəni özündə beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sistemini ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə bu sistemin formalaşdırılmasının prinsipləri və ünsürləri, o cümlədən Azərbaycan Respublikasının bu sistemdə yeri müəyyən edilir. Müsahibəyə uyğun olaraq, yeni beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sisteminin formalaşmasının BMT Nizamnaməsində təsbit olunan və ümumməcburi xarakteri daşıyan beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinə - dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, mübahisələrin dinc yolla həll edilməsi, beynəlxalq əməkdaşlıq və sairə əsaslanmalıdır. Qeyd olunmalıdır ki, yeni təhlükəsizlik sisteminin formalaşmasında beynəlxalq əməkdaşlıq həm hüquqi əsas, həm də beynəlxalq hüququn digər prinsiplərinin realizə vasitəsi qismində çıxış edir. Bu baxımdan beynəlxalq əməkdaşlıq həm dövlətlər arasında ayrı-seçkiliyə, həm də hər hansı meyara əsaslanan irqi ayrı-seçkiliyə yol verilməməsinə, revanşist meyillərdən istifadə edilməməsinə əsaslanmalıdır. Dayanıqlı iqtisadi inkişaf, müasir geostrateji maraqların uzlaşdığı coğrafiyada yerləşməsi, regional siyasi və hərbi gücə malik olması, şərq və qərb arasında enerji və yük daşınması qovşağı olması və digər amillər yeni dünya düzənində Azərbaycan Respublikasının özünün milli maraqlarına uyğun əməkdaşlıq etməyi bacaran fəal aktor rolunda çıxış etməsini şərtləndirir.

Bu fikirləri AZƏRTAC-a Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev şərhində söyləyib.

Yeni dünya düzənində Azərbaycanın əməkdaşlıq siyasətindən danışan alim bildirib ki, birincisi, ölkəmiz beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə əməkdaşlıq formasını seçməkdə sərbəstdir. Bu kontekstdə qonşu dövlətlərlə münasibətlərdə ikitərəfli əməkdaşlıq ən səmərəli forma hesab edilir. Qeyd olunmalıdır ki, bu formadan təcrübədə istifadə edilməsi istiqamətində Azərbaycan Respublikası Avropa İttifaqının 10 dövləti ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Hərçənd ikitərəfli əməkdaşlıq regional və ya universal səviyyədə həyata keçirilən əməkdaşlığı istisna etmir. Özünün milli maraqlarına uyğun olaraq Azərbaycan Respublikası istənilən regional, subregional və universal beynəlxalq qurumlarda iştirak edir. Təsadüfi deyildir ki, etibarlı əməkdaş olması səbəbindən Azərbaycan Respublikasının 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrliyi bir il uzadılıb. Azərbaycan Respublikasının bu və ya digər beynəlxalq təşkilatda iştirak etməsi, onun eyni sferada fəaliyyət göstərən digər beynəlxalq təşkilatlara üzv olmasını istisna etmir. Belə ki, müsəlman dünyasının bir hissəsi olaraq Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatında işirak etməsi, onun müsəlman dövlətlərinin digər bir birliyi olan D-8 təşkilatına üzv olmasına maneə deyildir. Qapalı xarakterli bəzi beynəlxalq təşkilatlarda iştirak dövlətin iqtisadi və siyasi nüfuzu ilə şərtlənə bilər. Məhz bu səbəbdən Azərbaycan D-8 təşkilatına üzv olub. Bu təşkilat bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən səkkiz müsəlman dövlətini özündə birləşdirir. Azərbaycanın bu təşkilata yeni üzv olaraq qəbul edilməsi, onun iqtisadi sferada əməkdaşlığının genişlənməsinə şərait yaradacaq. Digər tərəfdən Azərbaycan Respublikası Türk dünyasının bir hissəsini təşkil edir. Bu xüsusiyyət onun türk dövlətlərinin yaratdığı beynəlxalq təşkilatlarda iştirak etməsini şərtləndirir. Bundan çıxış edən respublikamız Türk Dövlətləri Təşkilatının yaradılmasında fəal iştirak edib və onun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bu təşkilat mövcud güc balansını təmin etməklə yeni dünya düzəninin formalaşmasına təkan verəcəkdir.

“İkincisi, yeni dünya düzəninin formalaşması ekoloji təhlükəsizliyin təmin edilməsindən birbaşa asılıdır. Ekoloji təhlükəsizlik müasir beynəlxalq təhlükəsizlik sisteminin əsas ünsürünə çevrilib. Ekoloji təhlükəsizliyin təmin edilməsi kontekstində iqlim dəyişikliyinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlətlərin əməkdaşlıqdan yayınması və beynəlxalq öhdəliklərinə etinasız yanaşması, nəticə etibarilə ətraf mühiti daha çox cirkləndirən dövlətlərlə (Qlobal Qərb) və bundan əziyyət çəkən dövlətlər (Qlobal Cənub) arasında disbalansın (etimadsızlığın) yaranmasına səbəb olur. Bunun qarşısının alınması və aradan qaldırılması istqamətində respublikamızın töhfəsini COP29-la müəyyən etmək olar. Azərbaycan Respublikası istixana qazlarının emissiyası baxımından bir o qədər böyük paya malik olmasa da, COP29 vasitəsilə dünya dövlətlərinin bir araya gəlməsini təmin etdi. Belə ki, COP29 karbon bazarı ilə bağlı on il ərzində əldə edilə bilməyən uzlaşma, Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşma əldə edildi. Karbon bazarı üzrə maliyyələşmə məbləği növbəti illər üçün 300 milyard dollar müəyyən edildi. Bu baxımdan “Bakı Nailiyyəti” adlandırılan COP29-u ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq əməkdaşlığın başlanğıcı hesab etmək olar”, - deyə o əlvə edib.

Yeni dünya düzəninin formalaşmasında enerji təhlükəsizliyinin əhəmiyyətli rol oynadığını vurğulayan Z.Əliyev bildirib ki, bu baxımdan Azərbaycan yaşıl enerjinin istehsalında və Avropa dövlətlərinin bu enerji ilə təchiz olunmasında böyük rola malikdir. Avropanın enerji təhlükəsizliyi müəyyən mənada Azərbaycan Respublikası tərəfindən qaz təchizatının təmin edilməsindən asılıdır. Son dövrdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı coğrafiyasının genişlənməsi, Avropanın enerji təhküləsizliyinin təmin edilməsində respublikamızın əhəmiyyətini sübut edir. Belə ki, hazırda 12 olkə, o cümlədən səkkizi Avropa İttifaqının üzvü olan on Avropa ölkəsinin daxili qaz istehlakının yarısı Azərbaycan qazı ilə təmin edilir.

“Azərbaycanın son illər əldə etdiyi bütün nailiyyətlər və uğurlar həm də onunla bağlıdır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman öz xalqı ilə fəxr edir və xalqının yanında və arxasında dayanır.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi “Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir” fikri qəlblərdə şüara çevrilmiş oldu”, - deyə dekan fikrini yekunlaşdırıb.

 

 

Seçilən
18
50
azertag.az

10Mənbələr