“Qarabağ”ın braziliyalı forvardı Olavio Juninyo bir müddət La Liqa arzularıyla onu istəyən “Sevilya”nı düşünərək gecələr yata bilmədiyi halda, sonradan sükan ona okeanın o tayından – vətənindən 3-qat daha sərfəli fərdi təkliflərlə elçi düşən planetin adlı-sanlı, titullu klublarından olan “Flamenqo”ya yönəldi.
İdman.biz Juninyo ilə transfer məsələlərini son mərhələyə çatdıran “Flamenqo”nu izləyicilərə daha yaxından tanıtmaq qərarına gəlib.
Olavionun bu gün düşərgəsinə yollandığı klub noyabrın 17-də 130 illiyini qeyd edəcək. Doğrudur, komanda ilk olaraq 1895-ci ildə yaxt-klub kimi yaranıb və yalnız 1911-ci ildə futbol klubu kimi də fəaliyyətə başlayıb.
Bir çox idman növlərini inkişaf etdirən klubun çoxsaylı olimpiya mükafatçıları, o cümlədən 1996-cı il Olimpiadasında çimərlik voleybolunda olimpiya çempionu (Jaklin Silva) da var.
1912-ci ildə Rio ştatında debütünü edən “Flamenqo” 2 il sonra ştatın çempionu olub. Bu titulu komanda sonuncu dəfə 2021-ci ildə olmaqla, rekord sayda – 37 dəfə qazanıb.
1936-1942-ci illərdə klubun şərəfini qorumuş “qara mirvari” ləqəbli futbol ulduzu Leonidas 1938-ci ildə Fransada keçirilmiş dünya çempionatında parlaq oyunu ilə seçilmişdi.
1971-ci ildən keçirilməyə başlayan Braziliya çempionatında klub 7 dəfə qalib olub. Bunların üçü 1980, 1982 və 1983-cü illərdə Qızıl kubok formatında keçirilən çempionatlarda, biri Braziliya çempionatı adı altında keçirilən yarışda (1992) olub. 2003-cü ildən yarış “A” Seriyası adını alıb və bu yeni dövrdə “Flamenqo” 3 dəfə - 2009, 2019 və 2020-ci illərdə zirvəyə yüksəlib.
Komandanın qızıl dövrü 1980-ci illərin əvvəllərinə təsadüf edib. O vaxt heyətdə dünya futbolunun ən parlaq ulduzlarından olan Ziko var idi. Komanda 1981-ci ildə həm Libertadores Kubokunu, həm də Qitələrarası Kuboku qazanmışdı. Qitələrarası Kubokda “Liverpul” futbolçuları qapılarında gördükləri 3 cavabsız qolun hamısında iştirak edən “ağ Pele” ləqəbli Zikonun qarşısında aciz qalmışdılar.
Flamenqo son illərdə də Libertafores Kubokunu 2 dəfə (2019, 2022) qazanıb.
Ölkə çempionatında son illərdə “Flamenqo” 2 il dalbadal medalçılar sırasına düşməsə də, ötən il 3-cü yeri tutub. Komandanın 61 qolunu 22 futbolçu vurub. Ən çox fərqlənən 11 qol müəllifi Pedrodur. Bruno Enrike 6, Corcian De Arraskaeta 5 qol vurub.
Klub tarixi ərzində dünya futboluna Zikodan da savayı bir çox parlaq ulduzlar bəxş edib. Onların bir qismi klubun yetirmələri, bir qismi isə komandada müəyyən müddət oynamış futbolçulardır. Klubun formasını geyinmiş ulduzlar sırasında Qarrinça, Mario Zaqallo, Dida, Bebeto, Aldair, Denilson, Jorjinyo, Ze Roberto, Vinisius Junior, Arturo Vidal, David Luis, eləcə də, bir vaxtlar Azərbaycan yığmasnının baş məşqçi olmuş Karlos Alberto Torres də var.
Komandanın öz stadionu olsa da, əsas oyunlarını planetin ən möhtəşəm stadionunda – 1965-ci ildə “Neftçi”nin futbolçusu Anatoli Banişevskinin SSRİ yığması formasında 132 min azarkeş qarşısında Braziliya millisinin qapısına qol vurduğu “Marakana”da keçirir.
İndi o arena Juninyonun qollarını gözləyir.
Vüqar Məmmədov
İdman.biz