AZ

“İlon Maskı Ağ Evdən qovduracağam” – "O, həqiqətən pis adamdır..."

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İlon Maskın Ağ Evdən “qovulacağına” söz verib.

Bannon bildirib ki, o, “Tesla” və “SpaceX”-in baş direktoru İlon Maskı Tramp administrasiyasından kənarda saxlamağı şəxsi missiyasına çevirib.

“O, həqiqətən pis adamdır, çox pis adamdır. Bu adamı dayandırmağı öz missiyam elan etdim. Əvvəllər, o, pul xərclədiyinə görə mən buna dözməyə hazır idim, lakin daha dözmək istəmirəm”, - Bannon bildirib.

Bannon həmçinin deyib ki, Cənubi Afrikada doğulmuş, ABŞ vətəndaşı olan milyarder Mask, yüksək ixtisaslı xarici texnoloqları işə götürmək üçün H-1B viza proqramından istifadəni açıq şəkildə müdafiə etdikdən sonra öz ölkəsinə geri qayıtmalıdır.

Bannonun Maska hücumu Tramp tərəfdarları arasında Silikon Vadisində əcnəbi işçilərin rolu ilə bağlı yaranmış fikir ayrılığı fonunda baş verib. Keçən ay Trampın Hindistan-Amerika vençur kapitalisti Sriram Krişnanı süni intellekt üzrə məsləhətçi təyin etmək qərarı açıqladıqdan sonra qalmaqal qopub. İfrat sağçı MAGA tərəfdarları bu təyinatı H-1B vizalarının təsdiqi kimi şərh edərək sui-istifadə halı olduğunu bildiriblər.

ABŞ vətəndaşı olmadan əvvəl H-1B vizasına sahib olan Mask, Silikon Vadisində çalışan xarici işçiləri tənqid edərək, onlara qarşı "təsəvvür edə bilməyəcəyiniz dərəcədə müharibə elan edəcəyini" vəd edib. Tramp ilk səlahiyyət müddətində H-1B vizalarını məhdudlaşdırmaq üçün addımlar atsa da, o, sonradan Maskın şərhlərini təkrarlayaraq, vizaları “böyük proqram” adlandırıb.

Trampın ilk dövründə Ağ Evin baş strateqi vəzifəsini icra edən Bannon verdiyi müsahibədə Maskın yetkinlik yaşına yenicə çatmış gənc səviyyəsində olduğunu deyib və onu qlobal miqyasda texno-feodalizm yaratmağa çalışmaqda ittiham edib: “Biz pik Elonu gördük, onun özünə xidmət edən təbiəti var, yeganə məqsədi isə trilyonçu olmaq idi. O, şirkətlərinin qorunmasını və ya daha yaxşı bir müqavilə əldə etməsini, daha çox pul qazanmasını təmin etmək üçün hər şeyi edəcək. Var-dövlət toplamaq, sonra isə sərvət vasitəsilə güc əldə etmək: onun diqqət mərkəzində olduğu şey budur. Ölkədəki amerikalı işçilər bunun tərəfdarı olmayacaqlar”.

400 milyard dollardan çox sərvəti ilə dünyanın ən varlı adamı sayılan Mask Trampın ən güclü və nüfuzlu müttəfiqlərindən birinə çevrilib. Tramp onu sahibkar Vivek Ramasvami ilə birlikdə Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etməyi tapşırıb.

“AzPolitika.info”

Seçilən
1
5
azpolitika.info

10Mənbələr