Moskva, 13 yanvar, AZƏRTAC
Vaşinqtonda administrasiya dəyişikliyindən sonra Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüşdən konkret danışmaq mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Serbiya Prezidenti Aleksandr Vuçiçin Putinlə Tramp arasında danışıqların Belqradda keçirilməsi təklifini şərh edən Peskov deyib: “Bir çox dövlətlər hipotetik olaraq təmasların aparıla biləcəyi ölkələr kimi öz xidmətlərini təklif edir. Amma bu haqda danışmaq hələ tezdir. Hələ mövzular üzrə hazırlıq yoxdur. Belə təmasların zəruri və məqsədəuyğun olacağına dair bəyan edilmiş anlayış və siyasi iradə var”.
Kremlin nümayəndəsi əlavə edib ki, Vaşinqtonda administrasiya dəyişdikdən sonra Rusiya və ABŞ prezidentlərinin görüşü barədə daha konkret danışmaq mümkün olacaq.
Moskva