AZ

Simon Kyaer futbolçu karyerasını başa vurdu

Futbol üzrə Danimarka millisinin və İtaliyanın “Milan” klubunun sabiq müdafiəçisi Simon Kyaer peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə “TV 2 Sport”a müsahibəsində bildirib.

O, AÇ-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib: “Həyatımın bu fəslini bağlamağın əsl vaxtıdır. Bu, yaydan sonra verdiyim qərar deyil. Bu, Avropa çempionatından əvvəl düşündüyüm bir qərardır. Keçən payızda “Milan”da keçirdiyim vaxtın bəlkə də bir müddətə yaxınlaşdığını başa düşdüm. Son. Mən özümdən başqa heç kimə nə olacağını bildirmək istəmədim. Karyeramı “Milan”da bitirmək istəyirdim. Bu, mənim üçün ən yaxşı seçim idi”.

Xatırladaq ki, 2024-cü ilin yayında İtaliyanın “Milan” klubundan azad agent kimi ayrılmış müdafiəçi avqustda da Danimarka millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.

Kyaer Danimarkanın U-19 və U-21 yığmalarında da forma geyinib. 2009-cu ilin iyun ayının 6-da əsas millidə debüt etmiş futbolçu, Danimarka yığmasında 132 oyun keçirib, 5 qola imza atıb, 6 məhsuldar ötürmə verib.

Simon Kyaer 2020-ci ilin yanvar ayından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edirdi. Təcrübəli müdafiəçi 2023/2024 mövsümündə meydana çıxdığı 25 oyunda 1 məhsuldar ötürmə müəllifi olub. Kyaer bu komandanın heyətində bütövlükdə 121 matça çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Kyaer daha öncə “Midtyulland”, “Palermo”, “Volfsburq”, “Roma”, “Lill”, “Fənərbaxça”, “Sevilya” və “Atalanta”da da forma geyinib.

Kyaer “Milan”ın heyətində 2021/2022 mövsümündə İtaliya çempionu olub. O, 2009-cu ildə və 2021-ci ildə Danimarkada ilin ən yaxşı futbolçusu elan edilib.

Seçilən
8
arena.az

1Mənbələr