AZ

Əsgərlərə təlimat: "Özünüzü öldürün"

Ukraynaya qarşı döyüşdə öldürülən Şimali Koreya əsgərinin son qeydləri cəbhədəki dəhşətli taktikaları ortaya çıxarıb. 

“Cebheinfo.az” xəbər verir ki, Cənubi Koreya isə Şimali Koreyanın Ukrayna ordusu tərəfindən əsir düşməmək üçün əsgərlərə özlərini öldürmə əmri verdiyini iddia edib. Belə ki, ötən həftə Ukrayna Rusiyanın Kursk bölgəsində döyüşən iki yaralı Şimali Koreya əsgərini əsir götürdüklərini açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabındakı paylaşımında əsgərlərin görüntülərini yayımlayıb. 

Beynəlxalq xəbər agentlikləri də biri 2005-ci il, digəri isə 1999-cu ildə doğulmuş Şimali Koreya əsgərlərinin üzərindən çıxan Rusiya pasportlarının fotolarını oxucularına təqdim edib. Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, həyati təhlükəsi olmayan yaralı əsgərlər Ukrayna, ingilis və rus dillərini bilmədikləri üçün onların ifadələri Cənubi Koreya kəşfiyyatı ilə əməkdaşlıq çərçivəsində alınıb. 

Ukrayna Silahlı Qüvvələri cəbhədəki toqquşmalarda həyatını itirən bir Şimali Koreya əsgərinin qeydlərini dərc edib. Adı açıqlanmayan gənc əsgərin qeydlərində Kim Çen Ina məhəbbət və vətən həsrəti, eləcə də cəbhədə istifadə olunan döyüş taktikası əks olunub. Damalı dəftər vərəqindəki rəsmdə pilotsuz təyyarənin diqqətini çəkmək üçün əsgərin səngərdən çıxdığı, digər iki əsgərin isə onu vurmaq üçün pusquda dayandığı görünür. 

“The Wall Street Journal” tərəfindən tərcümə edilmiş əlyazma mətnində əsgər "Tələsdirmə, hərəkətsiz qalanda dron dayanacaq və vurulacaq" ifadələri yer alıb. Qeydin qalan hissəsində əsgərin pilotsuz uçuş aparatından yeddi metr aralıda qalmalı olduğu və dronun dəqiq bir atışla zərərsizləşdiriləcəyi təfərrüatlı şəkildə izah edilir. 

Hərbi müşahidəçilər və ukraynalı komandirlər Şimali Koreya əsgərlərinin müasir döyüş təlimi almadıqlarını və Rusiya tərəfindən “yem” kimi istifadə olunduğunu iddia edirlər. Rusiya Ukraynanın müdafiəsini sınaqdan keçirmək üçün qarşıda zirehli texnikası və ya artilleriya dəstəyi olmayan böyük qruplar göndərir, daha sonra isə Rusiya xüsusi təyinatlılarının daha kiçik qrupları münaqişə bölgəsinə yollanır. 

Ukrayna kəşfiyyatı bildirib ki, Rusiya keçən ilin avqustunda Kurskda başlayan transsərhəd əməliyyatından sonra bölgəyə təxminən 11 min Şimali Koreya əsgərini yerləşdirib. Ukrayna Orezidenti Volodimir Zelenski keçən aydan bəri 4000-ə yaxın Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını iddia edib. 

ABŞ rəsmiləri təkcə dekabrın son həftəsində 1000-dən çox Pxenyan əsgərinin öldüyünü bildirib. Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) Ukraynada ən azı 300 Şimali Koreya əsgərinin öldürüldüyünü və təxminən 2700 əsgərin yaralandığını açıqlayıb. Cənubi Koreya Kəşfiyyat Xidmətinin məlumatına görə, müasir döyüş texnikaları haqqında kifayət qədər biliyə malik olmayan Şimali Koreya əsgərləri həyatını itirib. 

Açıqlamada Şimali Koreyanın Ukrayna ordusu tərəfindən tutulmamaq üçün əsgərlərə özlərini öldürmə əmri verdiyi bildirilib. 

Seçilən
2
cebheinfo.az

1Mənbələr