“Marafon kraliçası” Yelena Blinovskayanın Moskva vilayətinin İstra şəhərindəki evi vergi xidmətinə olan borcunun bir hissəsini ödəmək üçün hərraca çıxarılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, hazırda Blinovskayanın bütün əmlakının inventarlaşdırılması aparılır və ilkin məlumatlara görə, yayda prosedur başa çatacaq. Bundan sonra obyektlərin satış qaydası və şərtləri məlum olacaq.
İflas üzrə müvəkkilinin dediyi kimi, Moskva yaxınlığındakı 500 milyon rubl dəyərində malikanə ən azı altı aydan sonra hərraca çıxarılacaq. Onun satışı Blinovskayanın borcunun böyük hissəsini ödəyəcək.
Blinovskaya 2023-cü il aprelin 27-də avtomobillə Rusiya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi ona qarşı 918 milyon rubldan çox məbləğdə vergidən yayınma və 43 milyon rubldan çox pulların yuyulması maddəsi ilə cinayət işi açıb.