Bakı, 13 yanvar, AZƏRTAC
Bob Dilanın xatirə əşyaları kolleksiyası “Julien's Auctions” hərracına çıxarılacaq.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Dilanın ilk hiti olan “Mr. Tambourine Man” ilk hitinin qaralaması da daxil olmaqla, təxminən 50 əşya və artefakt satışa çıxarılacaq. Əşyalar “rok jurnalistikasının xaç atası” kimi tanınan jurnalist El Aronovitsin şəxsi kolleksiyasından toplanıb. Xatirə əşyalarının arasında bir neçə orijinal sənət əsəri, o cümlədən 1968-ci ilə aid olan yağlı boya tablosu yer alıb.
Aronovitsin sözlərinə görə, Dilan mahnını portativ makinada siqaret tüstüsü burulğanında yazıb. Jurnalist daha sonra “əzilmiş qaralamaları tullantı üçün səbətdə” tapdığını bildirib.
Hərrac Evi əlavə edib ki, “səhifələrdə birinci qaralamadan üçüncüyə qədər əhəmiyyətli dəyişikliklər görünür ki, bu da mahnının son versiyasına yaxındır. Amma orada hələ də son mətndən əhəmiyyətli kənarlaşmalar var”.
2005-ci ildə Aronovitsin ölümündən sonra onun arxivi, o cümlədən Dilanın qaralamaları övladlarına verildi. Lakin uzun müddət çap olunmuş əlyazmalar əlçatmaz olaraq qaldı. Jurnalistin oğlu Maylz Aronovits atasının sənədləri, fotoşəkilləri və audio yazıları olan 250 qutunun yoxlanılmasına üç il sərf edib. Ötən il o, nəhayət mahnının sözlərini aşkar edib.
Hərrac yanvarın 18-də Tennessi ştatının Neşvill şəhərində keçiriləcək.