K.Əsədovun sözlərinə görə, müəllimlərin maaşlarına təsir edən digər bir amil diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarıdır: “Bu imtahanlardan yüksək nəticə göstərən müəllimlər daha yüksək maaş almaq hüququ qazanır. Məsələn, sertifikasiyadan keçən müəllimlər üçün maaş 35%-ə qədər artırılır. Lakin bu imtahanlardan uğurla keçmək hər müəllim üçün mümkün olmur. Statistik məlumatlara görə, 2023-cü ildə müəllimlərin yalnız 62%-i sertifikasiya imtahanından keçə bilib. Nəticədə sertifikasiyadan keçməyən müəllimlər əvvəlki maaş səviyyəsində qalır. Bu vəziyyət xüsusilə regionlarda daha çox yayılıb, çünki region müəllimləri üçün imtahanlara hazırlıq imkanları məhduddur. Müəllimlərin maaşlarına təsir edən digər bir faktor isə sinif rəhbərliyi, olimpiada hazırlığı və digər əlavə fəaliyyətlərə görə verilən bonuslardır. Lakin bu əlavə ödənişlər hər bir müəllim üçün əlçatan deyil. Sinif rəhbərliyi yalnız tam ştat işləyən müəllimlərə verilir və bəzi məktəblərdə bu ödənişlər ya çox aşağıdır, ya da ümumiyyətlə mövcud deyil. Bakıda bu bonuslardan daha çox müəllim faydalana bilsə də, regionlarda bonuslar demək olar ki, nəzərə çarpmır. Təhsil Nazirliyinin 2024-cü il üzrə açıqlamasına görə, müəllimlərin yalnız 40%-i əlavə bonuslardan yararlana bilib”. Təhsil mütəxəssisi qeyd edib ki, rəsmi statistikalar çox zaman real vəziyyəti əks etdirmir: “Orta aylıq əməkhaqqının 980 manat olaraq göstərilməsi yalnız yüksək maaş alan müəllimlərin göstəricilərinə əsaslanır. Lakin müəllimlərin böyük bir hissəsi bu məbləği ala bilmir. Araşdırmalar göstərir ki, Azərbaycanın orta məktəblərində müəllimlərin təxminən 30%-i 600 manatdan az maaş alır. Kənd yerlərində çalışan müəllimlərin maaşı isə bəzən 400 manata qədər düşür. Bu problemin həlli üçün bir sıra islahatların həyata keçirilməsinə ehtiyac var. İlk növbədə, müəllimlər üçün minimum maaş səviyyəsi artırılmalıdır ki, dərs yükündən asılı olmayaraq, hər bir müəllim layiqli maaş ala bilsin. Region müəllimləri üçün xüsusi dəstək proqramları hazırlanmalı və az şagirdi olan məktəblərdə çalışan müəllimlər üçün əlavə ödənişlər edilməlidir. Sertifikasiya prosesləri daha şəffaf və əlçatan şəkildə təşkil edilməli, hər bir müəllimə bərabər imkanlar yaradılmalıdır. Bonus və əlavələr sistemi isə bütün müəllimlər üçün tətbiq edilməli, xüsusilə region müəllimləri bu sistemdən faydalana bilməlidir”. Ekspert əlavə edib ki, müəllimlərin maaşlarının artırılması yalnız onların maddi rifahının yaxşılaşdırılması deyil, eyni zamanda təhsil sisteminin keyfiyyətinin artırılması üçün də vacibdir. Müəllimlərin motivasiyası olmadan təhsilin keyfiyyətini yüksəltmək mümkün deyil. Buna görə də müəllimlərin əməkhaqqı məsələsi sosial prioritet olaraq qəbul edilməlidir.
Sevinc İbrahimzadə / Metbuat.az