AZ

"Kimlər bu hadisələrlə məşğuldusa və iştirak edirsə, layiqli cəzasını alıb və alacaq"

Azərbaycan futbolu “Şamaxı” və “Mingəçevir”də yaşanan danışılmış oyunlar şübhəsi ilə çalxalanmaqdadı. Bəzi futbolçuların bir-iki illiyə, bəzilərinin isə ömürlük futboldan uzaqlaşdırılacağı deyilir. Xatırlayırsızsa, ötən mövsüm bu problemlər “İrəvan”da da yaşandı. Nəticədə ciddi cəza ilə üzləşənlər oldu. Belə görünür ki, Azərbaycan futbolunda danışılmış oyun, nəticələrin öncədən razılaşdırılması kimi söhbətlər 2024-də qalmayıb.

Ümumiyyətlə, Azərbaycan futbolunda danışılmış oyunlar varmı? Varsa, bunun əlamətlərini nədə görürsüz? Bu sualları "sportinfo.az" saytının baş redaktoru İlkin Vaqifoğluya ünvanladıq.

“Azərbaycan futbolunda danışılmış oyunlar olmasaydı, AFFA, PFL və hüquq-mühafizə orqanları bu qədər faktın üstünü açmazdı. Təbii ki, var. Danışılmış oyunlarla bağlı məsələ yetərincə ciddidi. Mən sizin qəzetiniz vasitəsi ilə həm AFFA-ya, həm PFL-ə, eyni zamanda hüquq-mühafizə orqanlarına təşəkkürlərimi bildirirəm ki, bu məsələyə həmişə ciddi yanaşıblar. Azərbaycan futbolunda nə qədər belə xoşagəlməz hadisənin üstü açılıb. Bunlarla da bağlı ölçü götürülüb. Olmasaydı, premyer-liqada, 1-ci və 2-ci liqalarda nəzarətsizlik hökm sürərdi. Bu qədər nəzarət fonunda da belə neqativ hallar var. Nəzarət olmasaydı, nələr baş verərdi? Bu sahəyə diqqət daha geniş xarakter daşıyacaq. Düşünürəm ki, bunun sayəsində bu kimi hallar daha az olacaq. Bu elə bir məsələdi ki, buna gətirib çıxaran səbəblər çoxdu. Ən yaxşısı odu ki, bu hadisələr baş verməsin. Kimlər bu hadisələrlə məşğuldusa və iştirak edirsə, layiqli cəzasını alıb və alacaq. 26 ildi media sektorunun içindəyəm. 26 il ərzində minlərlə və ya daha çox oyun izləmişəm. Ardıcıl izlədiyim futbolçu üç dəfə yaxşı oynayır, 4-cü dəfə tam fərqli oynayırsa, o barədə heç nə fikirləşmirəm. Artıq 5 və ya 6-cı dəfə də zəif çıxış edirsə, düşünürəm ki, futbolçuda bu qədər eniş ola bilməz. 1-ci və 2-ci liqada oyunlara baxanda hansısa qənaətə gəlmək olar. Düzdü, burda təcrübə önəmlidi. Amma elə bir prosesdi ki, özün oyunları davamlı şəkildə izləyəndə nəticəyə gəlmək olar. Futbolçuları tanımadan nəsə demək olmaz. Bir oyun əsasında qərar vermək olmaz. Ümumi çempionatın oyunlarını izləyirsənsə, müəyyən qənaətə gəlmək mümkündü”.

ƏSƏD SEYİDOV
Seçilən
3
1
football-plus.az

2Mənbələr