Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” hücumçusu Olavio Juninyonun Braziliyaya yollandığını təsdiqləyib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı forvardın “Flamenqo”ya transferi ilə bağlı rəsmi danışıqlar davam edir. Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün Juninyo Rio de Janeyro şəhərinə yollanıb.
Xatırladaq ki, futbolçunun “Flamenqo”ya transferi demək olar ki, tam razılaşdırılıb. Olavio da məhz müqaviləyə imza atmaq üçün ölkəsinə gedib. 28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir.
Olavio Juninyonun yeni klubu ilə 3 illik müqaviləyə imza atması gözlənilir. İddiaya görə, Azərbaycan çempionu bu keçiddən 5 milyon avro qazanacaq.
Braziliyalı forvard yeni komandasının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq. Belə ki, futbolçu hazırlıq dövründə elə Rio de Janeyro şəhərində məşq edəcək.
Xatırladaq ki, Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçmişdi. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. O, Azərbaycan çempionunun heyətində 80 oyuna çıxıb, 41 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu Ağdam klubu ilə Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.