Fransanın “Reyms” klubunun mərkəz müdafiəçisi Emmanuel Aqbadu bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Vulverhempton” bu transfer üçün Liqa 1 təmsilçisinə 20 milyon avro ödəyib. Kot-d’İvuar yığmasının da üzvü olan Aqbadu yeni klubu ilə müddəti 2029-cu ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqavilə imzalayıb.
Emmanuel Aqbadu Kot-d’İvuarın “San Pedro” klubunun yetirməsidir. O, daha öncə Fransada “Eupen” klubunun da formasını geyinib. 2022-ci ildən “Reyms”də çıxış edən 27 yaşlı müdafiəçi bu komandanın heyətində 80 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Aqbadu 2021-ci ilin oktyabr ayında debüt etdiyi Kot-d’İvuar yığmasında 12 oyun keçirib, 1 qol vurub.
Emmanuel Aqbadunu yola salmış “Reyms” də heyətinə yeni oyunçu qatıb. Fransa klubu “Sirius”un mərkəz müdafiəçisi Malkolm Yenqi transfer edib. İsveç klubuna buna görə 2,5 milyon avro ödəmiş “Reyms” yeni transferi ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.
Malkolm Yenq peşəkar karyerasına məhz “Sirius”da başlayıb. 19 yaşlı isveçli futbolçu bu klubun əsas komandasında 52 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, İsveçin U-18 yığmasında da oynayıb.
“Reyms” Yaponiyanın “Kaşiva Reysol” klubunun sağ cinah müdafiəçisi Hiroki Sekineni də heyətinə qatıb. Liqa 1 təmsilçisi bu transfer üçün Yaponiya klubuna 650 min avro ödəyib. 22 yaşlı futbolçu ilə də müqavilə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.
2024-cü ildən “Kaşiva Reysol”da çıxış edən Sekine bu komandada 33 oyun keçirib. O, Yaponiyanın U-22, U-23 və Olimpiya yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.