AZ

Dişlənmiş toplum

Eldəniz Quliyev
Ssenarist və kinodramaturq


Məkan bir maşındır, Zaman yol, Ölüm isə sürücü...
Bizlər də qorxa-qorxa əyləcə baxan sərnişinlər...

"Bizlər" deyəndə, əlbəttə ki, xalqımızı nəzərdə tuturam. O xalqı ki indiyəcən bu qədər yalqız, bu qədər yiyəsiz və bunca yetim olmamışdı...

Zaman-zaman özümüzü Koroğlu nərəsinə, Babəkin vuran qoluna, Nəbinin eşmə bığına bənzətdik... Amma nə oldu, nə baş verdisə, tədricən rəzil bir günə düşdük. Son illər  nədən və nəyə görə dönüb də öz kölgəsindən hürküb-diksinən, hər şeydən xoflanan və hər zaddan çəkinən gözüqıpıq hala gəldik?! 

Bəlkə, kələfin ucunu qayğanaq bişirməyin sirlərindən agah olmamağımız ucbatından itirdik?.. Yəni məşhur məsəli anlamadıq, ya anlamaq istəmədik ki, yumurtanı sındırmasan, ondan qayğanaq bişirmək olmaz?...

Bu adidən də adi həqiqəti heç kəs anlamadı. Nə sinəsinə döyə-döyə mifik mübarizə dastanları uyduran və heç vəchlə sözdən əmələ keçə bilməyən (bəlkə də, istəməyən), müxalif bəylər, nə məmləkət əhlinə yuxarıdan aşağı istehzayla baxıb Azərbaycanı yeməli toyuq kimi görən və ondan dadlı-ləzzətli tabaka bişirmək xəyalları ilə yaşayan YAP hakimiyyəti, nə də öz taleyinin sahibi olmaqdan daha çox, Onun biganə tamaşaçısına çevrilən biçarə millət!.. 

İki daş arasında, daha doğrusu, bığla saqqal arasında, lap dəqiqi isə, Nəbinin bığı ilə, Nəsiminin saqqalı arasında qovrula-qovrula qalan məzlum, fağır xalq!..

Hər nə idisə, vəziyyət hərlənib-flrlanıb, sonda gəlib - "urusca"ya dirəndi...

Və bir gün ayılıb gördük ki, budu ha, artıq başımızda turp əkmək mərhələsi bitib, indi də keçiblər dərimizə saman təpməyə!.. Gördük ki, bütün varlığınız, dolanışığımız, mövcudluğumuz, yaşamaq haqqımız büsbütün işğala məruz qalıb...

Sonra gördük ki, ikiayaqll zəlilər, taxtabitilər, gənələr (və əlbəttə ki, həm də gədalar) xalqın canına daraşıb...

Baxın, "Tarif Şurası" deyilən ipləmə bir təşkilat gediş-gəliş yollarımızın hər yerinə mina basdırıb. Gözəl-göyçək hökumətimiz ağır çaplı çərimə və cəzalardan ibarət   silahlardan bizlərə yaylım atəşi açır...

Daha sonra, gördük, anladıq, nəhayətƏ qandıq ki, halalca haqqımız, hüququmuz, qismətimiz və ruzimiz - "optovoy" şəkildə - qərəzli, böhtanlı, şər-şəbədəli  snayper güllələrinə tuş gəlib - qəlpəsi pozandan ibarət olan güllələrə!..

Bu bu yazıq, bu bədbəxt xalq bu vəziyyətdə neynəməlidir və ya neynəyə bilər ki?.. Hara baxır, hara dönür, hara gedir, kimə ümid edirsə... bədənləri başdan-ayağa ac qarından ibarət olan harın müdirlərə, rəislərə, başçılara, rəhbərlərə, sədrlərə, prezidentlərə və s. rast gəlir. 

Dərdini deməyə hara və kimə üz tutursa, hansı idarənin, nazirliyin, şirkətin, komitənin, icra hakimiyyətinin qapısını açırsa, qarşısında, ağıl dişi qulaqlarında çıxan ekzotik məxluqlar peyda olur... 

Hər yerdə və hər yanda da, mütləq şəkildə, zərbə alır - söyülür, burnu əzişdirilir, alçaldılır... Nəticədə, sadə vətəndaş özünün insan yox, həşərat olduğu qənaətinə gəlir və: "Öz cəzandı, çək, Balaş!.." mahnısından savayı özgə bir şey oxuya bilmir...

Bu yerdə, yadıma bir neçə il əvvəl Almaniyada müasir rəsm əsərləri və qeyri-adi eksponatlar sərgisində şahidi olduğum hadisə düşdü. Deməli, şüşə arxasına dişlək-dişlək olmuş, ovuc boyda bir top qoyulmuşdu - adicə uşaq topu idi. Ona tamaşa edənlərin sayı diqqətimi cəlb elədi. Yaxınlaşdım ki, görüm, nədən buna bu qədər maraq göstərirlər...

Sən demə, bu eksponat adi olmasıyla yanaşı, həm də (guya) qeyri-adi top sayılır. Yəni nə vaxtsa, hansısa bir adam öz itinə təlim keçmək məqsədilə həmin topu qolazlayıb atır, it də qaçıb onu dişləriylə götürüb sahibinə qaytarırmış... İt hər dəfə topu dişləyəndə, təbii ki, topun üzərində onun dişlərinin yeri qalırmış.  
 
İtin dişləri nə vaxtsa alabəzək olmuş top üzərində qarmaqarışıq "naxışlar" buraxmışdı... Bələdçi xanımın dediyinə görə, hazırda bu  naxışlar incəsənət nümunəsi kimi dəyərləndirilir... Doğrudan da, sənətə, sənət əsərinə baxış bucağı sonsuz-hüdudsuzmuş...

Nə deyim, vallah...

Sözün əsl mənasında, "İt ağzından çıxmış" o topu nədən xatırladım? Əslində...

Allah keçsin günahımdan, demək istədiyim budur ki, bu gün məmləkətimizi eynilə həmin o topa oxşadıram... Qanadlı-qanadsız dəvəyə dönüb uçulmamış dam-daş qoymayan məmur zümrəsi onu o qədər dartıb-didişdirib, o qədər çalıb-çapıb və  o qədər dişləyib- gəmirib ki, bu gün Azərbaycanın psevdo-art əsərlər sərgisinin əsas eksponatlarından birinə çevrilmək şansı yaranıb...

İndi oturub öz-özümə fikirləşirəm ki, görən  bizlər etdiyimiz hansı günahlar səbəbindən bu acı taleyi yaşamağa məhkum olunmuşuq?..

Əslində, başqa cür ola da bilməzdi. Yəni bir məmləkətdə ki bacaranlar iş görür, bacarmayanlar idarə edir, idarə edə bilməyənlər isə... rəhbərlik edir!.. 
Vəssalam də! Ta başqa nə olasıydı ki?!

Bəli, mənim əzizlərim, nə yazıq ki, baxın belə mütəqəlqəl bir zamanda və belə əndirabadi bir məkanda yaşayırıq...

Yaşayırıqmı?
Seçilən
9
arqument.az

1Mənbələr