İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Mənzillər Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşir.
Marja.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov. az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (mcgf.gov. az), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6317 kirayə müqaviləsi bağlanıb.
Satmaq öhdəliyi ilə kirayə mexanizmi - Kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan müqavilədir.
Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir.
Kirayəçi Fondla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra aylıq ödənişin minimum 12 mislini qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.