AZ

Qəzzada müharibə nə vaxt sona çatacaq?- Danışıqların detalları

Qəzza zolağında atəşkəsə dair Qətərdə davam edən danışıqların iştirakçıları artıq sazişin detallarını müzakirə etməyə keçiblər. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə müsahibəsində deyib. “Hazırda danışıqlar aparan tərəflər razılaşmanın nüanslarını müzakirə etmək səviyyəsindədir. Başqa sözlə desək, onlar artıq İsraildə fələstinli məhbusların və azad ediləcək girovların sayını, mübadilə qrafikini və mübadilə üçün vaxt məsələsini, eləcə də İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağı bölgələrindən çıxarılmasının dəqiq təfərrüatlarını müzakirə edirlər”, – deyə o bildirib.

ABŞ prezidenti Co Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani isə telefon danışığı zamanı İsrail hökuməti ilə HƏMAS hərəkatı arasında atəşkəs və girovlar haqqında razılaşmaya dair yaxın təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

“Haaretz” qəzeti isə yazır ki, İsrail və HƏMAS ilkin olaraq 33 girovun azad edilməsini nəzərdə tutur. Qəzetin yazdığına görə, ilk mərhələdə hərəkat üzvləri qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcək. “Kan” radiosunun məlumatına görə, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır. HƏMAS hərəkatı isə İsraildən 2024-cü ilin oktyabrında Qəzza zolağında öldürülən Yəhya Sinvarın cəsədini geri qaytarmağı tələb edib. “Al Hadath” telekanalının yayadığı  məlumata görə, HƏMAS üzvləri Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrailə aparılan Sinvarın cənazəsini qaytarmaq istəyirlər. “Ynet” portalı isə öz mənbələrinə istinadən İsrailin Sinvarın cəsədini geri qaytarmaq istəmədiyini yazıb.

Bu arada Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların bir neçə yeni mərhələsi keçiriləcək. “Əl-Qahira əl-İxbəriyyə” telekanalının məlumatına görə, məsləhətləşmələr zamanı tərəflər sövdələşmənin yekun detalları barədə məhz Qahirədə razılığa gələcəklər. “İsrail və HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilik edən həm Misir, həm də Qətər Qəzzada ən qısa zamanda atəşkəs sazişinin bağlanması üçün hər cür səy göstərir”, – deyə telekanal bildirib.

AzPost

 

 

Seçilən
3
azpost.info

1Mənbələr