Ermənistan rəhbərliyi Qərbi Azərbaycandan olan soydaşlarımızın layiqli şəkildə qayıdışı üçün lazımi şərait yaradarsa və təhlükəsizliyi təmin edərsə, bu, sülh prosesinə real töhfə olardı
Cənubi Qafqaz coğrafiyası onilliklər ərzində Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə görə ciddi təhdidlərlə üz-üzə qalıb. 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı Qələbə sayəsində yaratdığı reallıqlar isə regionda davamlı sülh və əməkdaşlıq üçün imkanlar açıb. Keçmiş Dağlıq Qarabağ münaqişəsi həllini tapıb və bununla da bölgə heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Azərbaycanın qətiyyətli mövqeyi belədir ki, bu fürsətdən maksimum dərəcədə istifadə edilməli və müharibə səhifəsi birdəfəlik bağlanmalıdır. Məğlub Ermənistanın davranışları isə heç bir məsələdə postmüharibə dövrünün reallıqlarına uyğun gəlmir.
Məğlub ölkə hər vəchlə sülhdən yayınır
Açıq-aydın görünür ki, məğlub ölkə sülh istəmir və hər vəchlə bu prosesdən yayınmağa çalışır. Ermənistan cəmiyyəti uzun illər ərzində mifik ideologiyanın təsiri altında olub. Bu ölkədə uşaqdan böyüyədək hər kəsə “dənizdən-dənizə Ermənistan” xülyası aşılanıb, xüsusilə də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları dövlət səviyyəsində təşviq olunub. “Dəmir yumruq” bu xülyaları çilik-çilik etdi. Gözləmək olardı ki, Ermənistan dövləti və cəmiyyəti 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən öz dərsini götürəcək. Ancaq müşahidə edilən odur ki, bu gün Ermənistanda revanşizm hissləri ilə yaşayanların sayı kifayət qədər çoxdur. Bunun məsuliyyətini isə yalnız müxalifət bölüşmür. Ermənistanın siyasi rəhbərliyinin adekvat olmayan açıqlamaları və həyata keçirilən siyasət də bu ölkənin sülh istəyində olmadığını açıq şəkildə ortaya qoyur. N.Paşinyanın, A.Mirzoyanın, A.Simonyanın və digərlərinin dilindən dəfələrlə Ermənistanın guya sülh sazişini yaxın vaxtlarda, hətta saylı günlər ərzində imzalamağa hazır olduğunu bildirən bəyanatlar eşitmişik. Praktiki müstəvidə isə rəsmi İrəvanın “sülh istəyi” təsdiqini tapmır. Görünən odur ki, bir sıra xarici güclər Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu ölkənin postmüharibə dövründə sürətlə silahlanma yolu tutmasının, hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırmasının, sərhədə yaxın ərazilərdə hücum istehkamları qurmasının və digər bu qəbildən olan davranışlarının başqa izahı yoxdur. Əgər Ermənistan sülh istəyirsə, nə üçün Fransadan, ABŞ-dən, Hindistandan öldürücü silahlar alır?
Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, sülh üçün fundamental amillər, o cümlədən də hüquqi baza təmin edilməlidir. “Sülh sazişinin 17 bəndindən 15-i razılaşdırılıb” deyərək Ermənistanı dünyaya sülhpərvər qiyafədə təqdim etmək istəyən N.Paşinyan və digərləri ortaq məxrəcə gəlinməyən iki bəndin nədən ibarət olduğunu açıqlamaq istəmirlər. Çünki həmin bəndlər həlledici əhəmiyyət daşıyır və məhz Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən indiyədək razılaşdırlmayıb. Fundamental fikir ayrılığı yaradan bəndlərdən biri Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ehtiva olunmasıdır. Bu məzmunlu konstitusiya ilə sülh sazişini imzalamağın hansısa bir məntiqi yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə baş nazir Nikol Paşinyana cavabında bildirdiyi kimi, Ermənistanın “sülhsevər narrative” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir. A.Hacızadə bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş “Qərbi Ermənistan” və “Qarabağ Respublikası” adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir: “Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz”, - deyə XİN rəsmisi vurğulayıb.
Qərbi azərbaycanlıların qayıdış məsələsi ərazi iddiaları deyil, insan haqları məsələsidir
Yeni starateji mərhələdə Azərbaycan zamanında indiki Ermənistan ərazisindən qovulan soydaşlarımızın doğma yurd yerlərinə qayıdışı məsələsini bütün ciddiliyi ilə gündəmə gətirib. Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququnun təmin edilməsinin zəruriliyindən növbəti dəfə bu günlərdə yerli telekanallara müsahibəsində danışıb. Bu ərazi məsələsi deyil, insan hüquqları məsələsidir. Bu gün mətbuatda, ictimai müzakirələrdə təxminən 300 min soydaşımızın tarixi yurd yerlərinə - Qərbi Azərbaycana qayıdış hüququndan bəhs olunur. Ancaq müsahibədə də bildirildiyi kimi, bütövlükdə, bəhs olunan coğrafiyadan qovulmuş və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların, onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Həmin insanlar XX əsrdə böyük fəsadlara gətirib çıxaran amansız deportasiyalar nəticəsində öz yurd-yuvalarından çıxarılıblar. Onlar 1918, 1920-1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Bu tarixi ədalətsizliyə son qoyulmalıdır. Azərbaycanın mövqeyi belədir ki, regionda sülhə nail olmaq üçün həm də etimad mühiti yaradılmalıdır. Ermənistan rəhbərliyi soydaşlarımızın layiqli şəkildə qayıdışı üçün lazımi şərait yaradarsa və təhlükəsizliyi təmin edərsə, bu, sülh prosesinə real töhfə olardı. Bundan ötrü N.Paşinyan hökuməti Qərbi Azərbaycan İcması (QAİ) ilə dialoqa başlamalıdır. Öz tərəfindən QAİ bu dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Substantiv nəticələrə hesablanan müzakirələr aparılmalı və yüz minlərlə insana qarşı yol verilmiş tarixi ədalətsizlik aradan qaldırılmalıdır.
Ancaq Paşinyanın son açıqlamalarından da göründüyü kimi, Ermənistan rəhbərliyi belə bir iradədən çox uzaqdır. Öz absurd məntiqi ilə Azərbaycan Prezidentinə “cavab” verən Paşinyan Qərbi Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan olduğunu bildirib. Baş nazir əlavə edib: “Bundan başqa Qərbi Azərbaycan yoxdur, ola da bilməz. Əgər həqiqətən başqa yerdə axtarmaq istəyirlərsə, onda Naxçıvanı da Qərbi Azərbaycan hesab edə bilərik”.
Ermənistan liderinin belə bir məntiqdən (əslində, məntiqsizlikdən - red.) çıxış etməsi, yumşaq desək, korafəhmlikdir, tarixi və reallığı inkar etməkdir. Bəli, keçmiş və bu gün bir-birinə sıx bağlıdır. Zamanında yüz minlərlə azərbaycanlıya qarşı ədalətsizliyə yol verilib, tarixi torpaqlarımızda indiki Ermənistan adlı saxta dövlət yaradılıb. Bu günün reallığı və çağırışları isə fərqlidir. Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan indiki strateji mərhələdə daha bir ümummilli ideyasını - soydaşlarımızın tarixi torpaqlarına qayıdışını təmin etməyi hədəfləyib. Ermənistan tərəfi də Azərbaycanın siyasi iradəsinə yaxşı bələddir. Ermənistan rəhbərliyinə onu da xatırlatmaq istərdik ki, insanların qayıdış hüququ, eyni zamanda, beynəlxalq konvensiyalarla da təsbit olunub.
Mübariz FEYİZLİ