AZ

Yeni idarəetmə modeli: Çeviklik, səmərəlilik və şəffaflıq...

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində  ölkəmizdə müasir dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən biri olan yeni idarəetmə modelinin növbəti anonslarını verib. Qeyd edib ki, son bir neçə il ərzində dövlət şirkətlərində tətbiq edilən yeni idarəetmə modeli bir çox problemlərin  həllində mühüm rol oynayıb. Müasir yanaşma idarəetmədə olan qüsurların və pozuntuların aradan qaldırılması ilə yanaşı, dövlət şirkətlərinin fəaliyyətində əhəmiyyətli dönüş yaradıb, maliyyə imkanlarını yaxşılaşdırıb. Uzun illər ərzində zərərlə işləyən və dövlət büdcəsinə ağır yük olan şirkətlərdə qurulmuş yeni korporativ idarəetmə sistemi gözləntiləri doğultmağa başlayıb və onların əksəriyyəti artıq gəlirlə işləyir. Məsələn, “Azərbaycan Hava Yolları” artıq gəlirlə işləyən çevik qurumdur və ötən il gəlirləri bir neçə 100 milyon manat səviyyəsinə çatıb. Həmçinin SOCAR və Dövlət Dəmir Yolu da gəlirlə işləyir.

Yerli və qlobal mühit idarəetmənin daha da təkmilləşdirilməsini zəruri edir

Ötən dövlərdə idarəetmə ilə bağlı islahatlar çərçivəsində dövlət müəssisələrinin diaqnostikası aparılıb, müşahidə şuraları, müvafiq komitələr və koordinasiya ofisləri formalaşdırılıb, korporativ idarəetmə standartları və əsas icra göstəriciləri müəyyənləşdirilib və yeni büdcə-maliyyə siyasəti həyata keçirilib. Ancaq inkişaf axıcı və davamlı olduğundan tələblər də dəyişir, yerli və qlobal mühit idarəetmənin daha da təkmilləşdirilməsini, çevikliyini zəruri edir. Bu gün daha yığcam, daha məqsədyönlü və dinamik idarəetmə modelləri səmərəliliyi daha da artırır. Hazırkı mərhələdə layihə idarəetməsi, risk menecment, investisiya və xəzinə siyasəti, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, müəssisə resurslarının planlaşdırılması və sərmayə cəlbi kimi istiqamətlərdə islahatların aparılması əsas iqtisadi tələblərdəndir. Bu səbəbdən iqtisadi inkişafla ayaqlaşmayan təşkilatların ləğv edilməsi normaldır və idarəetmənin təkmilləşdirilməsi, dövrün tələblərinə uyğun daha çevik və səmərəli mexanizmlərin qurulması labüddür. İslahatların davamı olaraq böyük təşkilatları, korporasiyaları vahid platformadan idarə edən holdinqlər yaradılır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması da bu məqsədlərə xidmət edir.

ASKON nəqliyyat sektorunu vahid çətir altında birləşdirəcək

ASKON nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır. Bu sahədə idaretmə nəqliyyat qurumları arasındakı zəif koordinasiyanı aradan qaldıracaq, nəqliyyat qurumları arasında idarəetmə bağlantılarını birləşdirəcək.

Eyni zamanda, nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesini tamamlayacaq, gömrük rəsmiləşdirilməsində də yük göndərən tərəf öz yükünü daim izləmək imkanına malik olacaq və burada süni əngəllər, pozuntular, eyni zamanda, təbii ləngimələr də aradan qaldırılacaq. Bu siyasət, eyni zamanda, tariflərin təkmilləşməsində və optimist tarif təyinetməsinə imkan yaradacaq. Yeri gəlmişkən, “Rəqabət Məcəlləsi”, “İnvestisiya fəaliyyəti haqqında” və “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunların qəbulu dövlət müəssisələrinə özəl sərmayənin cəlbi, səmərəliliyin artırılması və bazar mexanizminin gücləndirilməsi üçün yaxşı imkanlar yaradır.

Ölkə başçısı konkret ifadə edir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin ən son idarəetmə özəlliklərini nəzərə alır, aparıcı dövlətlərlə təcrübə mübadiləsini genişləndirir, qarşılıqlı olaraq modellər sınaqdan keçirilir, bir sıra ölkələr Azərbaycanda yeni yaradılan və demokratiya baxımından səmərəli olan idarəetmə strukturlarını mənimsəyirlər. Bununla yanaşı, Azərbaycan da bütövlükdə, dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaratmaqdadır.

İslahatlar ölkəmizdən keçən beynəlxalq daşımaların həcmini artıracaq

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qovşaqlarının yerləşdiyi regiondur, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit həcmi sürətlə artır. Bu il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımaları təxminən 60 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımaları da 30 faiz artıb. Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir.

Bütün bu geoiqtisadi reallıqlar, tranzit-logistika xətlərində meydana çıxan yeni fraqmentasiyalar beynəlxalq nəqliyyat daşınmalarında təmsil olunan şirkətlərin də fəaliyyətində vahid siyasətin tənzimlənməsini labüd edir. Bu baxımdan nəqliyyat şirkətlərinin fəaliyyətinin yeni idarəetmə prinsiplərinə uyğunlaşdırılması tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılmasına, aidiyyəti dövlət orqanları arasında koordinasiyanın yaxşılaşdırılmasına və vahid platforma üzərindən tətbiqinə imkan verəcək. Eyni zamanda, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsinə, nəticədə Azərbaycandan daşınan tranzit yükdaşımalarının həcminin artmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Seçilən
6
yeniazerbaycan.com

1Mənbələr