AZ

Təhsilsiz "psixoloqlar" cəmiyyətə zərər verir: Bu sahəyə nəzarət yoxdur?

Təhsil müəssisələrində psixologiya fakültələri fəaliyyət göstərir, psixoloji mərkəzlərin sayı artır. Lakin bu artımın keyfiyyət göstəriciləri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu gün bir çox psixoloji mərkəzlərin fəaliyyəti qeyri-peşəkar yanaşma, lisenziyasız xidmətlər və etimadsızlıq mühitinin yaranması ilə müşayiət olunur.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, psixoloji mərkəzlərin göbələk kimi artmasının kökündə dayanan hərəkətverici qüvvənin biznes maraqlarının təşkil etməsi sirr deyil:

153236

“İnkişaf etmiş ölkələrdə ailələrin, müəssisələrin, tədris ocaqlarının psixoloqları var. Son illərdə ölkəmizdə də psixoloqlara olan tələbatın ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ali təhsil ocaqlarında psixologiya fakültələri fəaliyyət göstərir: sayı çoxalır, plan yeri artırılır. Psixoloji mərkəzlər açılır.

 

Hazırda dəbdəbəli adlar altında psixoloji mərkəzlərin sayı durmadan artır. Gözəllik, masaj salonları, hamamlar, bərbərxanalar, marketlər və digər məişət xidmətləri obyektləri belə psixoloji mərkəzə çevrilir. Sosial şəbəkədə belə mərkəzlərin, şəxslərin elanları tez-tez qarşıma çıxır. Ötəri baxışla bəlkə də bu yaxşı görünə bilər. Lakin kiçik bir araşdırmadan sonra məlum olur ki, məsələ nəinki ürəkaçan deyil, hətta acınacaqlıdır. Bu sahədə, az qala, xaos yaranıb. Bu kimi mərkəzlərdə işləyən “psixoloqların” çoxu fərqli sahələr üzrə təhsil alıblar".

 

Həmsöhbətimiz bildirib ki, ixtisası psixoloq olmayanlar bu sahənin ciddiliyini, məsuliyyətini dərk etmədən hansısa “əldəqayırma” müəssisələrdə 1-2 ay kurs keçməklə sahənin “aparıcı mütəxəssis”inə çevriliblər:

 

“Ancaq onlar nə sertifikasiyadan keçir, nə də psixoloji mərkəz üçün lisenziya alırlar. Belə mərkəzlərin təqdim etdikləri sertifikatların çoxu gözdən pərdə asmaq üçün “kustar” üsulla hazırlanır, saxtadır. Bu halda suallar ortaya çıxır: psixoloq olmaq bu qədərmi asandır? Bu sahəyə nəzarət yoxdurmu?

 

Bəlkə də bu məqamda yeri deyil, lakin “çox qarışqa bir şiri öldürər” deyimi yadıma düşdü. Belə “psixoloqlar”ın sayəsində sahənin sərrafı olan psixoloqlara çatmaq üçün vətəndaşlar xeyli pul və vaxt itirirməklə yanaşı, psixoz duruma düşürlər. Pul qazanmaq xatirinə bu işə başlamaq kökündən səhvdir. Pul halal, düzgün yolla və kimsəni aldatmadan qazanılmalıdır. Belə mərkəzlərin xidmətləri kimi, qiymətləri də xaotikdir".

 

R.Fikrətoğlu qeyd edib ki, baxmayaraq ki, bu məsələni tənzimləmək üçün qanun, qanunlarda müəyyən maddələr yer alıb, lakin boşluqlar, nəzarətsizlik var:

 

“Bu barədə həmsöhbət olmaq üçün təhsili psixoloq olmayan, lakin özünü bu sahənin “kapitan”ı hesab edən onlarca psixoloqla əlaqə saxladım. Onların kobud münasibətləri, qeyri-insani və hətta qeyri-etik davranış sərgiləməsi, əslində, bir xeyli sualıma cavab idi. Belə “psixoloqlar”da müşahidə etdiyim əsəbilik, əlçatmazlıq, məsuliyyətsizlik kimi mənfi, qıcıqyaradan davranışlar nəinki bu peşənin sahibinə, heç sıravi vətəndaşa xas davranışlar deyil. Bir sıra özünü psixoloq hesab edən belə “populyar ulduzlar”ın nəinki özləri ilə, hətta köməçiləri ilə belə əlaqə saxlamaq müşkül oldu”.

 

Müsahibimiz vurğulayıb ki, hər şeyin kökü təhsildən başlanır. Təhsilli psixoloq cəmiyyət üçün kompleksiz, özünü təsdiq edə bilən şəxsiyyətlər hazırlamalıdır:

 

“Psixoloji xidmət işini bilən praktiki psixoloqun qarşısında insanları düzgün analiz etməyi, onların yaş və böhran dövrlərini nəzarətdə saxlamağı, şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi vacib məsələlər qoyur. Bu halda psixoloji mərkəzlərdə təhsilli psixoloqlar çalışmalıdır. Etiraf etməliyik ki, ölkəmizdə hətta məktəblərdə belə tam ixtisaslı psixoloqlar fəaliyyət göstərmir. Qısa müddətdə kurs keçməklə psixoloq peşəsinə yiyələnənlər təbii ki, illərlə praktik psixologiya sahəsinin incəliklərini öyrənən psixoloqlar qədər işinə peşəkar yanaşa bilməzlər.

 

Ekspert son olaraq fikrini bu sözlər ilə yekunlaşdırıb: "Bu qənaətdəyəm ki, psixoloji mərkəzlərin fəaliyyəti üçün lisenziyanı Səhiyyə, Elm və Təhsil nazirlikləri verməlidir. Lakin bu gün fəaliyyət göstərən psixoloji mərkəzlərin lisenziyasının kim tərəfindən və hansı məqsədlər üçün verildiyi bəlli deyil".

Seçilən
4
azedu.az

1Mənbələr