Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Kamran Babayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kamran Babayev Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü K.Babayev Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində M.Hüseyn küçəsində yerləşən “Oba” marketinin yaxınlığında B.Əliyevin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona arxadan yaxınlaşıb qəflətən sonuncunun baş nahiyəsindən yumruqla zərbə vuraraq yerə yıxıb. Yerə yıxdıqdan sonra sifət nahiyəsindən ardıcıl yumruq zərbələri vurub müqavimətini qırmaqla ona bədən xəsarətləri yetirib. Sonra B.Əliyevin şalvarının cibindən 173 manat məbləğində nağd pulunu götürüb. Bununla kifayətlənməyərək, zərərçəkmiş şəxsin əlində saxladığı, içərisində 20 manat dəyərində iki ədəd sim-kart olan 200 manat dəyərində bir ədəd "Samsung Galaxy A21" markalı mobil telefon cihazını dartıb əlindən almaqla ümumilikdə 393 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq edib.
Şəbnəm Mehdizadə