AZ

Cənubi Koreya Prezidentinin impiçmenti ilə əlaqədar ilk məhkəmə dinləməsi keçirilib

Pekin, 14 yanvar, AZƏRTAC

Cənubi Koreyanın konstitusiya məhkəməsində ölkə Prezidenti Yun Sok Yolun impiçmenti ilə əlaqədar ilk dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident iştirak etmədiyindən dinləmə cəmi 4 dəqiqə çəkib. Bununla belə artıq proses başlanmış hesab olunur. Növbəti dinləmə yanvarın 16-da keçiriləcək. Əgər Prezident həmin dinləməyə də qatılmazsa, qanunvericiliyə uyğun olaraq proses onsuz keçiriləcək.

Yerli media Prezident Yun Sok Yolun təhlükəsizlik məsələləri ilə əlaqədar dinləməyə qatılmadığını yazır. Belə ki, Seul məhkəməsi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq qrupunun tələbi ilə Prezidentin həbsinə order verib. Prezidentin saxlanılması üçün ilk cəhd dövlət başçısının təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində uğursuz olduğundan və orderin qüvvədə olma müddəti bitdiyindən 2-ci dəfə order verilib. Konstitusiya məhkəməsindəki rəsmi dinləmədən əvvəl polis, istintaq qrupu və prezidentin təhlükəsizlik xidməti həbs orderinin icrasını müzakirə etmək üçün görüşüb.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir.

İmpiçmentdən sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Prezidentin ölkədən çıxışına qadağa qoyulub. Yun Sok Yol istintaqın çağırışlarına məhəl qoymadığı üçün Seul məhkəməsi Prezidentin həbsi ilə əlaqədar order verib.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
2
azertag.az

1Mənbələr