AZ

İsveç müdafiə qabiliyyətini dron dəstəsi vasitəsilə gücləndirir

Stokholm, 14 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin “Saab” şirkəti ordu ilə əməkdaşlıq şəraitində hazırladığı qabaqcıl pilotsuz uçuş aparatlarına (PUA) nəzarət texnologiyasını ölkənin Sälen şəhərində keçirilən “Xalq və müdafiə” adlı mətbuat konfransında təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Gnadd” (hərfi mənada “kiçik bezdirici həşəratlar” kimi tərcümə olunur – red.) adlanan texnologiya bir aydan sonra baş tutacaq “Arctic Strike” hərbi təlimlərində ilk dəfə sınaqdan keçiriləcək.

Dron dəstəsi müxtəlif funksiyaları yerinə yetirə bilən yüzlərlə PUA-dan ibarətdir və nəqliyyat vasitələrini izləmək, gizli əsgərləri müəyyən etmək və ya kəşfiyyat məlumatları toplamaq tapşırıqları üçün nəzərdə tutulub. Nəzarət adi mobil telefondan istifadə etməklə həyata keçirilir və quraşdırılmış süni intellekt alınan məlumatları sistemləşdirməyə və təhlil etməyə imkan verir.

İsveçin müdafiə naziri Pol Yonson vurğulayıb ki, avtomatlaşdırma, robototexnika və süni intellekt əsasında bu cür texnologiyaların tətbiqi ölkənin hərbi texnologiyanın sürətli inkişafına uyğunlaşması istiqamətində atılan mühüm addımdır.

İsveç ordusu, həmçinin dron dəstəsinin bir hissəsi kimi istifadə edilə bilən silahlı pilotsuz təyyarələr təqdim etməyi planlaşdırır. Bununla belə, “Saab” və ordunun təqdim etdiyi bu dəstə hələ silahla təchiz olunmayıb. Süni intellektlə idarə olunan silahların istifadəsi məsələsi mübahisəli olaraq qalır.

“Muxtar sistemlərdən və süni intellektdən istifadə ilə bağlı mütləq risklər var. Bizim mövqeyimiz bəllidir: insan amili mərkəzdə qalmalı və atəş açmaqla bağlı qərarlar verməlidir”, - deyə P.Yonson vurğulayıb.

Seçilən
13
azertag.az

1Mənbələr