Aygün Kazımovanın “Can ol” mahnısı 3 həftə ərzində 10 milyondan çox izlənmə əldə edərək böyük uğura imza atıb. Lakin mahnının ikinci bəndindəki “yay çıxıbdır oxdan” misrası bəzi dinləyicilər arasında qarışıqlığa səbəb olub.
Yenisabah.az xəbər verir ki, sözlərin müəllifi Zamiq Əliyev - YAP10 bu mövzuya aydınlıq gətirmək üçün sosial media hesabında açıqlama yayıb.
Reper bildirib ki, mahnının sözləri məcazi məna daşıyır və burada reallıq yoxdur:
“Hər kəsə salam. Mən Zamiq Əliyev, bəstəkar, yazar, rep təxəllüsüm YAP10. Son günlər aktual olan “Can ol” mahnısının bəndinin sonuncu misrasına görə bu videonu çəkməyə ən azından dinləyicilər və pərəstişkarlar üçün özümə borc bildim. Uzatmadan məsələyə aydınlıq gətirmək istəyirəm. Ədəbiyyatımızda fikirlərimizi daha dolğun, daha qüvvətli ifadə etmək üçün təşbeh, mübaliğə, epitet və s. bədii təsvir vasitələri var. Mən burada sətrə “sanki” sözü ilə başlamışam: sanki dərmişəm qızıl alma bağdan, çoxdan yay çıxıbdır oxdan. Yəni reallıqdan söz gedə bilməz. Necə ki qızıl alma yoxdur, onu bağdan dərmək mümkün deyil. Və yay da oxdan çıxmır, ox yaydan çıxır”.
Söz yazarı onu başa düşməyən dinləyiciləri qınayıb:
“Bunun elə gözəl fərqindəyəm ki, sizin deməyinizə ehtiyac yoxdur. Siz, məncə, bunu başa düşməliydiniz. Yenə də deyirəm, həmin sətirdə mübaliğədən, məcazdan istifadə olunub. Bilməyən insanlara onu demək istəyirəm ki, mübaliğə bir fikrin şişirdilməsinə deyilir. Burada heç bir reallıqdan söhbət gedə bilməz.
Mən bu işdə yeni deyiləm, xalq artistləri ilə çalışmışam. Aygün Kazımova, Zamiq, Miri Yusifin bir çox mahnıları mənə aiddir. Ümidvaram ki, ağlınızda olan suallara cavab verə bildim”.
Aytac Şahin
Telegram kanalımız