“İpək Yolu Sığorta” şirkətinin 10 milyon manatdan çox olan portfeli “PAŞA Sığorta”ya ötürülüb.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, əsasən hava nəqliyyatı vasitələrinin sığortası ilə ixtisaslaşan sığorta şirkəti ötən ilin yay ayından etibarən sözügedən sığorta portfelinin 10 milyon manatdan çox hissəsini itirib. Bura hava nəqliyyatı vasitələrinin sığortası, o cümlədən aviadaşıyıcıların mülki məsuliyyətinin sığortası daxildir. Bunu hər iki sığorta şirkətinin açıqladığı rəqəmlərdən də görmək mümkündür.
Belə ki, adətən hava nəqliyyatı vasitələrinin sığortası yay aylarında yenilənir və nəticədə sığorta şirkətinin yığımları orta hesabla aylıq 100-700 min manat təşkil edirsə, bir ayda 13 milyon manata yaxın artır. Məsələn, 2023-cü ilin avqust ayında sığorta şirkəti bu müqavilələrin yenilənməsi üzrə 13,14 milyon manat sığorta yığımı əldə edib. 2024-cü ilin avqust ayında isə bu rəqəm cəmi 24 min manat olub.
Paralel olaraq yanvar ayı istisna olmaqla ilin digər aylarında ortalama 16-20 milyon manat yığım əldə edən “PAŞA Sığorta”nın yığımları 2024-cü ilin iyul ayında 34 milyon manatdan çox artıb. Yəni aradakı fərq minimum 10 milyon manatdan çoxdur.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i "ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Telegram kanalımız