"İnsan Alverinə qarşı mübarizədə Azərbaycan dövləti kifayət qədər işlər görür, addımlar atır. Eyni zamanda maarifləndirmə işlərinin aparılmasında vətəndaş cəmiyyəti ilə əməkdaşlığın xüsusi əhəmiyyəti vardır. Mövcud müdafiə, preventiv mexanizmlərin effektivliyini artırmaq üçün koordinasiyalı fəaliyyətlər və davamlılıq vacibdir."
Bu sözləri Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev QHT.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, xüsusilə gənclər, qadınlar və uşaqlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və proqramların yalnız mərkəz şəhərlərdə deyil, regionlarda və iqtisadi çətinliklərlə üzləşən əhali ilə də aparılması vacibdir.
Eyni zamanda Zaur Quliyev qeyd edib ki, İKT və sosial platformaların inkişafı cinayətkar qrupların rəqəmsal üsullardan istifadəsini artırıb. Buna görə maarifləndirmə fəaliyyətləri texnoloji yeniliklərə uyğunlaşdırılmalıdır. "Risk qrupları arasında sorğular, müsahibələr və tədqiqatlar aparmaq da ehtiyacların düzgün müəyyənləşdirilməsinə töhfə verə bilər," - deyə o əlavə edib.