Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanlarının Rusiyadakı müdafiə sənayesi müəssisəsinin işçilərinə qarşı planlaşdırılan kimyəvi hücum cəhdinin qarşısını alıb.
"Cebheinfo.az" xəbər verir ki, FSB-nin açıqlamasında bildirilir ki, Ukrayna xüsusi xidmət orqanlarının Yaroslavl vilayətində müdafiə sənayesi müəssisəsinin işçilərini zəhərləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə edərək planlaşdırdığı terror aktının qarşısı alınıb.
Əməliyyat nəticəsində Rusiya vətəndaşının saxlanıldığı bildirilib.
Qeyd olunub ki, şübhəli Ukrayna xüsusi xidmət orqanlarının hazırladığı təhlükəli kimyəvi maddələrlə dolu iki konteyner götürüb və həmin maddəni sözügedən müəssisənin əməkdaşlarına məxsus avtomobillərin hava kanallarına tökməyi planlaşdırıb.
Terrorçuluqda şübhəli bilinərək saxlanılan şəxs Yaroslavl vilayətində müdafiə sənayesi müəssisəsinin işçilərini zəhərləməyə hazırlaşdığını etiraf edib.
Hadisə ilə bağlı araşdırma və məhkəmə prosesinin başlandığı bildirilib.