İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə politoloq, Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan sosial şəbəkələrdə yazıb.
"ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbi yardım göstərmir, silah-sursat satmır və ya silahla təmin etmir. Bu format Ermənistanda Amerika hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur", - ekspert yazıb və 2009-cu ildə ABŞ və Gürcüstan arasında da belə bir sənədin imzalandığını xatırladıb.
Ekspert yazır ki, təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhət proqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsil proqramlarında iştirakı, həmçinin Kansas Milli Qvardiyası ilə çoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.
Saziş çərçivəsində ABŞ iqtisadiyyat və islahatlar, sosial layihələr və insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq. Sənəd enerji sahəsində əməkdaşlığı da əhatə edir - söhbət çox güman ki, Ermənistanda ABŞ-nin kiçik atom elektrik stansiyalarının tikilməsindən gedəcək.
Əsas məsələlərdən biri də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası dövründə sazişin həyata keçirilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır. Sarkisyan bunu ən çətin məsələ hesab edir və bunun erməni diplomatiyasının işinin səmərəliliyindən asılı olacağına əmindir.
Qeyd edək ki, saziş bu gün axşam Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən imzalanacaq.