Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edib. Bu barədə xarici mediada yayılan xəbərə görə, İrəvan rəsmisi bu gün Bakı vaxtı ilə 22:00-da ABŞ Dövlət katibi Antoni Blinkenlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq. Məlumatı Ermənistan XİN də təsdiqləyib. Qeyd olunub ki, imzalanma mərasimi Ermənistan XİN-in rəsmi resurslarında yayımlanacaq.
Nəzərə alaq ki, bir neçə gündən sonra, daha dəqiq desək, yanvarın 20-də ABŞ Administrasiyası yenilənəcək. Nəticədə Antoni Blinken və köhnə administrasiya rəsmiləri öz vəzifələrini itirəcəklər. ABŞ-nin yeni Prezidenti Donald Tramp öz komandası ilə dövlət idarəçiliyinə başlayacaq. Belə bir fonda Ararat Mirzoyanın Vaşinqton səfəri, imzalayacağı hər hansı sənəd nə əhəmiyyət daşıyacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, ABŞ-də, Avropada bir çox siyasətçilər, diplomantlar erməni diasporunun xoşuna gəlmək, Ermənistanla yaxınlıq etmək üçün zaman-zaman belə təşəbbüslərlə çıxış edirlər. Onun sözlərinə görə, adəti üzrə rəsmi şəxslər vəzifədən getdikdən sonra daha da fəallaşırlar: “Bundan əvvəl də biz Qərbin yüksək rütbəli rəsmilərinin ermənilərə yaxınlıq etdiyinin şahidi olmuşuq. Məsələn, NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen guya ki, erməni problemləri ilə bağlı kitab yazmışdı. Avropa İttifaqının xarici siyasət üzrə keçmiş ali komissarı Cozef Borrelin, eləcə də Aİ-nin digər yüksək vəzifəli şəxslərinin, bəzi ABŞ konqresmenlərinin bu kimi fəaliyyətini də qeyd edə bilərik. Onlar erməni diasporunun xoşuna gəlmək, vəzifədən getdikdən sonra öz maliyyə təminatlarını gücləndirmək, yəni bu diaspordan pul qoparmaq üçün belə hərəkətlərə yol verirlər. Görünür ki, Antoni Blinken də elə Rasmussenin yolunu gedərək, vəzifədən uzaqlaşmasına az müddət qalmış bu cür fəaliyyətlər göstərir, təşəbbüslə çıxış edir”.
Siyasi şərhçinin qənaətincə, A.Blinken son illər ərzində ABŞ Dövlət Departamentinə rəhbərlik etmiş ən səriştəsiz kadrlardan biri kimi yadda qalacaq: “O, Ukrayna problemindən başlamış digər qlobal məsələlərin həlli istiqamətində baş diplomat olaraq lazımi fəaliyyət ortaya qoya bilmədi. Bu da onun Demokratlar Partiyası arasında gələcək siyasi karyerasında çox böyük mənfi rol oynayacaq əsas amildir. Məsələn, biz Blinkeni ABŞ-nin əvvəlki dövlət katibi Kondoliza Raysla qəti şəkildə müqayisə edə bilmərik. Rays diplomatik cəhətdən kifayət qədər aktiv şəxs idi. Münaqişələri də həll edə bilirdi. Ancaq biz Blinkendə bunu görmədik. Buna görə də düşünürəm ki, Blinkenin bundan sonrakı Demokratlar Partiyasındakı siyasi fəaliyyəti də o qədər ürəkaçan olmayacaq. Bütün bunları nəzərə alaraq, o çalışır ki, maliyyə təminatını ayaqda saxlasın, erməni diasporundan daha çox maliyyə qoparsın. Ona görə də məlum davranışları ortaya qoyur. Bu davranışlar sözsüz ki, davam edəcək. Blinken vəzifədən getdikdən sonra da yenidən ermənilərin xoşuna gəlmək üçün daha çox fəaliyyətlər göstərəcək. Ancaq bunlar əbəsdir. Bu cür davranışlar yalnız həmin insanları siyasətçi, diplomat kimi hörmətdən salır”.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Mirzoyanın Vaşinqtona işgüzar səfəri, dövlət katibi Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür. Onun sözlərinə görə, bu görüşdən bir neçə gün sonra A.Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək: “Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir? Daha əvvəl belə bir xəbər yayılmışdı ki, ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki, Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. İndi isə məlumat təsdiqlənib ki, belə bir saziş imzalanacaq və mərasim Ermənistan XİN-in resurslarında yayımlanacaq. Əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək ortada nə isə var. Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Mirzoyan indidən Vaşinqtonla nə isə imzalamaqla istəyir ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Ermənistan bu gün saat 22:00-da Rusiyaya tarixi xəyanət edəcək. Onun qənaətincə, bu gün Vaşinqtonda İrəvan və Vaşinqton arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında sənəd hərbi-siyasi ittifaqının əsasını təşkil edəcək: “Təəssüf ki, bu, əslində İrəvan üçün tarixi hadisədir. Bu sazişlə Ermənistan və ABŞ hərbi-siyasi ittifaqının əsası qoyulur. Şübhəsiz ki, erməni-amerikan münasibətlərinin böyük potensialı kimi Ermənistanın ABŞ-nin NATO-dan kənar mühüm müttəfiqi statusunu almasıdır. Yəni, gələcəklə bağlı fikir belədir. Rəsmi İrəvan həmçinin Donald Tramp Administrasiyasından da strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsini və Ermənistanın NATO-dan kənar mühüm müttəfiq statusunun təmin edilməsini gözləyir. İrəvanda bəyan edirlər ki, hazırda Ermənistanın hərbi-siyasi müttəfiqi yoxdur və ABŞ-Fransa strateji əməkdaşlığının inkişafı təhlükəsizlik təminatlarının təmin edilməsinə töhfə verə bilər. Ermənistanın Co Bayden administrasiyası ilə işi onu strateji tərəfdaşlıq sazişinin imzalanması mərhələsinə gətirib. Əmindirlər ki, Donald Tramp və Respublikaçılar administrasiyası da Ermənistanla münasibətlərin dərinləşməsində maraqlı olacaq”.
Ə.Əlibəyli vurğulayıb ki, Ermənistan Aİ-yə də üzvlük prosesinə başlamaq niyyətini açıqlayıb: “Yaxın vaxtlarda parlament müvafiq qanun qəbul edəcək və Ermənistan Avropa İttifaqına üzvlük prosesinə rəsmən başlayacaq. Əslində baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistan Rusiyadan Qərbə doğru strateji dönüş edir. Belə olanda isə yaxın gələcəkdə Ermənistanın KTMT və Aİİ-dən çıxmasını da gözləmək olar. Bu da o deməkdir ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirir və mövqelərini Qərbə verir. Bu, elə olduqda, Cənubi Qafqazın tarixində böyük geosiyasi dəyişikliyə çevrilə bilər. İrəvandakılara görə, əsrlər boyu bu bölgə Rusiya, Türkiyə və İranın təsiri altında olmuşdur. Ermənistanın sayəsində regionda qərbləşmə prosesi başlayır. Ermənistanın Aİ-yə daxil olma ehtimalı yüksəkdir ki, bu da Cənubi Qafqazın avropalaşmasının başlanğıcı deməkdir. Gürcüstanın iştirakı ilə bu prosesi sürətləndirmək olardı. Sual ortaya çıxır ki, Ermənistan doğrudanmı bu addımları ata biləcək və dediyi kimidir? Axı Cənubi Qafqaz adına danışmaq təkcə Ermənistanın “başı üçün” deyil. Ayrıca, Donald Trampın, həmçinin Cənubi Qafqazdakı Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstanın bu gedişata reaksiyası da maraqlıdır”.
Nailə QASIMOVA