AZ

Paşinyan Mirzoyanı ABŞ-a göndərib: İrəvanın planının şifrələri AÇILIR

Vaşinqtonda işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün dövlət katibi Antoni Blinkenlı Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq.

Rəsmi İrəvanın Vaşinqtonla belə bir sənəd imzalamasının arxasında nələr durur?

Modern.az-ın məlumatına görə, mövzunu şərh edən siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Trampa “miras” qoymaq məqsədi daşıyır:

“ABŞ-ın yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır; Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistan “əlini zəiflədəcək” amildir”.

Ekspertin sözlərinə görə, strateji sənədin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd, Trampın buna nə qədər əməl edəcəyi sual altındadır.

“Sənəddə nələrin əks olunacağı xüsusilə maraqlıdır. Təfərrüatlar bəlli olmasa da, bura təhlükəsizlik kimi məsələlərin daxil ediləcəyi, özündə 5 aprel 2024-cü il Brüssel razılaşmasının müəyyən tərəflərini ehtiva edəcəyi istisna deyil. O da istisna deyil ki, Mirzoyanla Blinkenin əsas müzakirə mövzularından biri yeni administrasiyanın sənədə sadiq qalmasını təmin etməyin yollarıdır və bu prosesdə erməni diasporu/lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir.

Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir. Yeni administyrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürə bilər, ya da Azərbaycanla da eyni razılaşmalar əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq”.


Politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır:

“O əvvəlcə parlamentdə Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq etdirib. İkinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalanır. Yəqin növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etdiyini açıqlayacaq.  İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır. Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq. İrəvanın bu oyununu pozmalıyıq. Rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və Avropa İttifaqı ilə dialoq kanallarını açıq tutmalıyıq”.

A.Qorxmaz

Seçilən
0
modern.az

1Mənbələr