Azərbaycan çempionu “Qarabağ”dan Braziliyanın “Flamenqo” klubuna keçən Olavio Juninyo bu transferlə bağlı ilk dəfə danışıb.
Arena.az xəbər verir ki, ötən gün vətəninə yollanan futbolçu Rio de Janeyrodakı hava limanında jurnalistlərə açıqlama verib. 28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlamadığı üçün qısa açıqlama ilə kifayətlənib: “Burada olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, Juninyonu klub rəsmiləri ilə yanaşı, bir neçə azarkeş də qarşılayıb.
Yerli vaxtla təxminən saat 17:00-da sözügedən şəhərə çatan forvard birbaşa otelə yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.
“Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. “Flamenqo” həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.
Yeri gəlmişkən, Olavio Juninyonun xanımı Vivian Azərbaycana və “Qarabağ”a təşəkkür edib:
“Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan! Dünyadakı bütün uğurları bu kluba arzulayıram”.
Xatırladaq ki, Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçmişdi. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. O, Azərbaycan çempionunun heyətində 80 oyuna çıxıb, 41 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu Ağdam klubu ilə Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.