Ciddi dinamika əldə edən Türk Dövlətləri Təşkilatı (TDT) gələcəkdə mühüm güc mərkəzinə çevrilmək potensialına malikdir.
Bu barədə “Report”a Qazaxıstan Prezidenti yanında milli kurultayın üzvü, politoloq Talqat Kaliyev bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin düzgün qeyd etdiyi kimi, TDT həqiqətən, çox ciddi dinamika əldə edir və dünya miqyasında mühüm güc mərkəzinə çevrilə bilər. Birincisi, bu, ümumilikdə yüz milyondan çox insanın yaşadığı ölkələrin birliyidir. İkincisi, bunlar beynəlxalq məkanda ciddi təsir və əhəmiyyətə malik olan dövlətlərdir", - T.Kaliyev bildirib.
Politoloq qeyd edib ki, TDT həm Qərb ölkələri, həm də Çinlə sıx əlaqələrə malikdir.
“Bu ölkələrə həm NATO üzvü olan Türkiyə, həm güclü inkişaf dinamikası nümayiş etdirən Özbəkistan, həm də Avrasiya qitəsində əlaqələrin yaradılmasına töhfə verən Azərbaycan daxildir. TDT üzvləri inteqrasiya layihələrini, Çin və Avropa ilə sıx əməkdaşlığı nəzərə alaraq regional səviyyədə ciddi oyunçulara çevrilə bilərlər", - politoloq vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu dövlətlər iqtisadi cəhətdən özünü təmin edən, çoxsaylı enerji resurslarına və faydalı qazıntılara malik olan ölkələrdir. Ekspertin sözlərinə görə, bu ölkələrdə daxili bazar və insan kapitalı yaxşı inkişaf edib.
T.Kaliyevin fikrincə, TDT ölkələrinin birgə layihələr çərçivəsində əməkdaşlığı təşkilatın siyasi baxımdan güclənməsində də müsbət rol oynayır.
"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, Azərbaycan-Qazaxıstan birgə təlimləri də mühüm rol oynayır. Vahid türk əlifbası üzərində iş isə potensial olaraq məktəblərdə ikinci dil kimi tədris edilməklə ümumi türk dilinin yaradılmasına töhfə verə bilər. Bütün bunlar çox ciddi dinamikanı, dövlətlərimizin və xalqlarımızın liderlərinin yaxınlaşmağa yönəlmiş məqsədyönlülüyünü nümayiş etdirir", - politoloq deyib.