Salam olsun, çox dəyərli oxucum! Yurdumuzun şanlı (hərb) tarixində qurumuş qan rəngində heç vaxt silinməyəcək, ləkə kəsmiş bir iz var. Zaman-zaman "qanlı yanvar", "20 yanvar", "hüzn günümüz", "qürur günümüz" kimi xatırladığımız bu gün (günlər) yaxınlaşmaqdadır. Həmin müdhiş günlərin ərəfəsindəyik. Aşağıda yuxarıda böyük əminliklə vurğuladığım "heç vaxt silinməyəcək" məsələsinə bir daha aydınlıq gətirəcəm. O barədə bir az sonra... Mətləbə keçməzdən əvvəl həmin günlərə (1990-cı ilin 20-si yanvar və ondan sonrakı günlərə) qısa tarixi ekskurs etmək istəyirəm. Həmin vaxt mən Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində X sinfdə oxuyurdum (Artıq "Lenin yolu" qəzetində demək olar ki, müntəzəm dərc olunduğum vaxtlar idi). 19-undan 20-sinə keçən gecə Bakıda baş vermiş qanlı qırğından 20-si sübh tezdən kəndə gələnlərdən şifahi məlumatla xəbər tutduq. Həmin gün dərs olmadı. Müəllim və şagirdlər, bütün kənd camaatı kəndin Ağdam tərəfdən girişində toplaşıb xeyli müzakirə (mitinq) etdilər. Bakıdan gələn şahidlər danışdı biz dinlədik. O gün həmin yerdə 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidənin bünövrəsi qoyuldu (şəhidlərin 40-na qədər abidə hazır olmuşdu 40-da abidənin önündə yenə mitinq oldu - mitinqdə tanınmış hərbi foto-reportyor mayor Nağı Yusifcanlı tərəfindən çəkilmiş foto indi də şəxsi arxivimdə qalmaqdadır). Bir müddət sonra kəndin girişindəki post da orada qurulacadı... İndi də həmin yerə "Abidə", "Abidənin yanı" deyirik... Sonrakı günlərdə Şuşadan televiziya qısa yayımlar etməyə başladı (Bakıda televiziyada baş verənlərdən hamının xəbəri var idi)... Şəhidlərin 40-na qədər və ondan sonara qısa bir müddət ərzində çox saylı fotolarla qəzet məqalələri (xüsusilə "Vətən" cəmiyyətinin orqanı olan "Odlar yurdu" qəzetini vurğulamaq istəyirəm) ilə yanaşı tərtibçilərindən biri Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev olan, fotolarla müşayət olunan publisistik yazılardan ibarət rus dilində "Черный январь Баку - 1990" kitabı və Azərbaycanın Xalq şairi rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərdən ibarət ana dilimizdə "Şəhidlər" kitabı nəşr olunmuşdu. Sonrakı illərdə həm televiziya və radio efirlərindən, həm də müxtəlif mətbuat orqanlarından çoxlu sayda şahidlərin xatirələri ilə tanış olduq... Hər il təkrar-təkrar baxdıq, dinlədik, oxuduq... Nəhayətdə "20 yanvar" qurumuş qan rəngində qapqara qan yaddaşımıza çevrildi... Yuxarıdakı "HEÇ VAXT SİLİNMƏYƏCƏK" körpüsü üzərindən mətləbə, söhbərimizin məğzinə, görüşümüzün səbəbinə keçmək istəyirəm.
HEÇ VAXT SİLİNMƏYƏCƏK "AXIDILMIŞ QANIN İZİ ..."
Yuxarıdakı qısa haşiyədə qeyri-adi heç nə yoxdur. Bu qeydlər həmin günləri yaşamış canlı şahidin - yeniyetmənin gördüklərinin, eşitdiklərinin təzahürü-inkasıdır. Ancaq haqqında söhbət açacağım "Axıdılmış qanın izi ilə" kitabının mövcudluğu artıq hadisə, tarix, milli kimlik, qan yaddaşı, genefond məsələsidir. Kitabın müəllifi Nigar Səttarzadə 7 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. Atası Nazim (Allah rəhmət eləsin) müəllim də tanınmış qələm adamı olub. Hətta atasının da yazıçı olması belə Nigarın qəhrəmanlıq göstəricisinə xələl gətirmir, onun gördüyü işin miqyasını kiçiltmir, əhəmiyyətini azaltmır. 20 yanvar hadisələrindən bir il sonra həmin hadisələrin baş verdiyi şəhərdə (şəhərin mərkəzində) dünyaya göz açan Nigar Səttarzadə eşitdikləri, gördükləri (lent yazıları və filmlərdə) əsasında özündə formalaşdırdığı milli təəssübkeşlik ruhundan güc alaraq belə bir məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlmişdir. Bu məqamda yuxarıdakı qeyidlərimə daha bir nümunəni əlavə etmək istəyirəm. Mərhum Qələndər Xaçınçaylının "Güllə işığında" məlum hadisələrdən bəhs edən povestilə də tanışam və rəhmətliyin sağlığında (AYB-nin "Natəvan" zalında təqdimat zamanı da) kitab barədə özü ilə söhbətimiz - müzakirəmiz olub. Yəqin ki, mənim hələ rastlaşmadığım başqa nümunələr də var. Bu qəbildən olan demək olar ki, bütün mətnlərdə publisistikanın təsiri hiss olunur, izləri aydın görünür... Məhz bu baxımdan "Axıdılmış qanın izi ilə" başqa izlərə qarışmır. Nigar Səttarzadənin əsəri bütün məziyyətləri ilə sırf bədii əsərdir. Məncə gənc yazar bir az da irəli gedərək oxucunu ələ almaq üçün kitabçılıq sənayesinin və oxucu bazarının tələbləri ilə vacib fəndlər işlədib.
KİTABIN ÜSTÜNLÜKLƏRİ
Müəllif böyük təvazö göstərərək, özünü hər vəchlə gənc yazar kimi təqdim etməyə çalışsa da, Nigar Səttarzadə imzası Azərbaycan və Türkiyə oxucusuna kifayət qədər tanışdır. Bu fikrimi təkcə son 20-25 gün ərzində ən azı 3-4 dəfə fərqli məkanlarda olduqca müxtəlif auditoriyanın iştirakı ilə təşkil olunmuş imza günləri, müzakirələr, görüşlər də təsdiqləyir. Məncə, Nigar Səttarzadə kitabçılıq sənayesində ilk uğurlu addımlarını atan, oxucu bazarı uğrunda istənilən müasir yazıçı ilə ədalətli rəqabət apara biləcək gücdə olan püxtələşmiş (və ya püxtələşməkdə olan) yazıçıdır. Müəllifin və şübhəsiz ki, kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin qərarı ilə bədii-tarixi roman kimi səciyələndirilərək təqdim olunmuş "Axıdılmış qanın izi ilə" əsəri sözün əsl mənasında həm bədiilik, həm də tarixilik baxımından böyük nümunəvi, eyni zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. "Kitabçı" nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın fiziki göstəriciləri demək olar ki, müasir tələblərə tam cavab verir. Əsas məsələyə - kitabın içindəkilərə gəlincə, əsərin qayəsi insan, insanlıq, ayrı-ayrı fərdlər, onların özünü cəmiyyətdə necə aparması, ailə, ailədaxili münasibətlər, uşaqlar, böyüklər, xalqlar, onların fərqli dilləri, müxtəlif zümrədən olan fərqli peşə sahibləri və s. və il. ... bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq xüsusilə indiki dövrdə belə uzunçuluğa ehtiyac yoxdur. Çünki, qoyulmuş problemdən, qaldırılmış məsələdən asılı olmayaraq mərkəzdə insan, onun milliyətindən, dilindən, dinindən, mənsəbindən asılı olmayaraq səhvləri, yalnış qərarları, sonra aradan qaldırılması mümkün olmayan nəticələr dayanır.
Nigar Səttarzadə nəql edəcəyi hekayətə birbaşa mərkəzdən - kuliminasiya nöqtəsindən başlayır ki, bu da zamanın tələbi ilə ayaqlaşmanı göstərən daha bir təqdirəlayiq addım kimi qeyd olunmalıdr. Oxucunu ilk sözdən, cümlədən ələ almaq olduqca önəmlidir. Əgər, diqqətli oxucu, izləyici, dinləyici fikir versə görər ki, xüsusilə son 5-6 il ərzində əksər filimlər, hətta cizgi filmləri, hekayətlər, əhvalatlar kəskin və qızğın hərəkətlə başlayır. Bu başlanğıcda yeganə məqsəd oxucunu, dinləyicini, izləyicini, tamaşaçını sonra nə olacağın ardınca aparmaqdan ibarətdir.
Nigar Səttarzadə də dünyanın harsında yaşayıb-yaratmasından asılı olmayarq öndə olan müasirləri kimi hadisənin "ən hərəkətli" (qəhrəmanı yartaqda uzanıqlı olsa belə) yerindən - ortasından ("0" nöqtəsindən) Miladdan Öncə, Milladdan Sonra prinsipi ilə öz hekayətini nəql etməyə başlayır və böyük ustalıqla (yazıçı peşəkarlığı ilə) olduqca müxtəlif zaman və məkanlarda baş vermiş hadisələri bir-birilə bağlayır. Olduqca fərqli və ibrətamiz insan talelərini əlaqələndirir. Keçidlər edir. Demək olar ki, əsər boyu zamanın itməsi və qəfildən peyada olma halları ilə rastlaşmırıq. Rüstəm doktorun daxil edilməsindən tutmuş, Qədirin ailə hekayətinə kimi bütün hallar "qanlı izi" sürməyə xidmət edir. Məncə, müəllifin hayqırarq demək istədiyi bircə fikir var: İNSAN OLUN!
XIRDA NÖQSANLAR
Əlbəttə, ümumi işin xeyirinə olaraq belə bir gözəl və faydalı nümunənin növbəti nəşrlərdə daha da təkmilləşməsi üçün gördüyü hər bir xırda nöqsanı göstərmək yaxşı dostun, qələm yoldaşının vəzifə borcu olmalıdır. Yuxarıda qeyd etdiyim kimi kitab demək olar ki, poliqrafik məhsul kimi ideal - müasir bazarın tələblərinə tam cavab verə biləcək səviyyədə çap olunub. Mövzu seçimində, əhatəlilikdə, faydalılıqda, məzmunda, ifadə tərzində heç bir problem yoxdur. Əksinə yüksək peşəkarlıq, ustalıq hiss olunur. Eyni zamanda xırda texniki qüsurlar da var. Belə ki, bütün kitab boyu bir neçə eyni orfoqrafik xətanın davamlı şəkildə təkrarlanması halı var. Ümidvaram ki, növbəti nəşrlərdə bu xırda nöqsanlar da aradan qaldırılacaq.
KİTABIN FAYDASI VƏ ƏHƏMİYYƏTİ
Nigar bu əsəri yazmaqla qanlı yanvar hadisələrinin silkələyib oyatdığı şəhərin, məmləkətin övladı olduğunu həm mənəvi, həm də fiziki baxımdan sübut edir, təsdiqləyir. Digər maraqlı məqam ondan ibarətdir ki, hələ neçə belə Nigarlar doğulacaq. Nigar Səttarzadənin bu kitabı gələcək nəsillərə gözəl bir nümunə olmaqla yanaşı, müəyyən dairələr üçün də tutarlı ismarıcdır. Tomrislər, Saray xatunlar, Nüşabələr, Həcərlər var olduqca bu izi itməyə qoymayacağıq! Axıdılmış qanın izi ilə sona qədər gedəcəyik!
TÖVSİYƏ
20 yanvar hadisələrinin növbəti il dönümü ərəfəsində 1990-cı il qanlı yanvarın 19-undan 20-sinə keçən gecəsinin qaranlıq küçələrinə işıq salan "Axıdılmış qanın izi ilə" kitabını mən bu Yurdun övladıyam deyən hər bir kəs mütləq oxumalıdır. Nigar Səttarzadənin "Axıdılmış qanın izi ilə" kitabını oxumaq istəyənlər Bakı şəhərinin mərkəzində, 28 may metro stansiyası yaxınlığında, M.Qaşqay 8 ünvanında yerləşən "Kitabçı" kitab evindən əldə edə bilərlər. Kitabı əldə edib oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Kitab haqqında resenziyalar ilboyu "Yazarlar" jurnalında və "yazarlar.az" saytında dərc olunacaq. Seçilmiş məqalələr 2025-ci ilin sonunda "İZ SÜRƏNLƏR" adı altında toplu kimi çap olunacaq. Bu yazı sənin ilk məqalən, bu kitab sənin ilk kitabın ola bilər. Niyə də olmasın. Kitab haqqında irili-xırdalı rəylərinizi [email protected] ünvanına göndərməyi unutmayın. İşıtırakçılar üçün sürpriz hədiyyələr nəzərdə tutulub. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.
Zaur USTAC,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.