AZ

Elektrik sobası ilə qızdırılan kənd məktəbi - Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Lənkəran rayonu M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbinin istiliklə təmin olunmadığı barədə məlumatlar paylaşılıb.

AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi” məlumatı aydınlaşdırmaq məqsədilə Lənkəran-Astara Regional Təhsil İdarəsi (LARTİ) ilə əlaqə saxlayıb. 

LARTİ-dən verilən məlumata görə, sözügedən məktəbdə 2023-cü ildən əsaslı təmir işlərinə başlanılıb.

Təhsil müəssisəsinin istiliklə təmini üçün qazanxananın tikintisi də yekunlaşmaq üzrədir: "Adıçəkilən təhsil müəssisəsi elektrik sobaları vasitəsilə qızdırılır.Tikintisi yekunlaşmaq üzrə olan qazanxanaya mavi yanacağın verilişi ilə bağlı müvafiq işlər aparılır. Yaxın günlərdə məktəb binası istiliklə təmin ediləcək".

İdarədən qeyd edilib ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmini xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib: “Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır".

Seçilən
5
1
azedu.az

2Mənbələr