AZ

"Azərbaycan və BƏƏ arasında əməkdaşlıq genişlənir" - Xalid Kərimli

"Birləşmiş Ərəb Əmirlikləri dünyanın inkişaf etmiş ölkələri sırasına daxildir və sosial-iqtisadi sahədə böyük uğurlar əldə etmişdir. Bu nailiyyətlər təbii olaraq ölkənin malik olduğu enerji resurslarının səmərəli istifadəsi ilə bağlıdır. Əmirliklər bu enerji resurslarını yalnız neft-qaz sektorunda deyil, eyni zamanda daşımalar, turizm və xidmətlər sahəsində də effektiv şəkildə istifadə edərək iqtisadiyyatını şaxələndirməyə nail olmuşdur."

İqtisadçı Xalid Kərimli bu sözləri News365.az-a deyib. 

Birləşmiş Ərəb Əmirlikləri bir neçə il öncə yalnız neft-qaz resurslarından asılı olan iqtisadiyyat modelindən uzaqlaşaraq, qlobal daşımalar və ticarət bazarında əhəmiyyətli bir mərkəzə çevrilmişdir. Turizm sektoru sürətlə inkişaf etmiş, ənənəvi enerji şirkətləri ilə yanaşı qeyri-ənənəvi, alternativ enerji mənbələrinə əsaslanan yeni şirkətlər də yaradılmışdır. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” kimi nüfuzlu şirkəti nümunədir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq xüsusilə enerji sektorunda genişlənir. Əmirliklərin güclü maliyyə imkanları Azərbaycanın xarici investisiyalar cəlb etməsi üçün əhəmiyyətlidir. Ölkələr arasında imzalanmış 1 GWh-lıq enerji müqavilələri və iki il öncə istismara verilmiş 240 MW-lıq günəş panelləri bu əməkdaşlığın uğurlu nümunəsidir.

Tədiyyə balansının statistik göstəricilərinə əsasən, Birləşmiş Ərəb Əmirlikləri son illərdə Azərbaycana birbaşa xarici investisiyalarını əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə alternativ enerji sektorunda təcrübə mübadiləsi və investisiyaların artırılması yaxın gələcəkdə bu iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə işarə edir. Əmirliklərin zəngin şirkətlərinin Azərbaycana cəlb olunması və qeyri-neft sektoruna sərmayə yatırması ölkəmizin strateji maraqlarına tamamilə uyğundur."- deyə fikirlərini bildirib. 

News365.az

Seçilən
1
news365.az

1Mənbələr