“Ermənistan öz konstitusiyasında dəyişiklik etmək istəmir. Bu da ondan irəli gəlir ki, Azərbaycana qarşı revanş imkanlarını saxlamaq niyyətindədir”.
Bunu hafta.az-a professor Elşad Mirbəşir Ermənistanın silahlanması, sülh müqaviləsi ilə bağlı Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməməsinin səbəbləri ilə bağlı açıqlamasında bildirib.
E.Mirbəşir Ermənistanın konstitusiyada dəyişiklik etmədən imzalamağa çalışdığı sülh müqaviləsinin mahiyyətinə diqqət çəkib. Onun fikrincə, İrəvanın sülh müqaviləsi haqqında danışması konkret məqamlara hesablanıb.
“Ermənistan özünü sülhün tərəfdarı kimi göstərməyə çalışır. Lakin sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü ədalətli, zəruri şərtlərə əməl etmir. Üstəlik, sülh müqaviləsinin imzalanmamasına görə məsuliyyəti Azərbaycana yükləməyə çalışır. Ermənistanı dəstəkləyən dairələr də bunu istəyir. Lakin Azərbaycanın istəkləri qəbul olunmadan sülh müqaviləsi bağlana bilməz. Çünki Ermənistan konstitusiyasının priambulasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistan konstitusiyasının 116-cı maddəsində göstərilir ki, imzalanan beynəlxalq sənədlər konstitusiya ilə ziddirsə, onun hüquqi qüvvəsi olmayacaq. Bu da o deməkdir ki, Ermənistanın indiki reallıqlar çərçivəsində Azərbaycanla imzalayacağı heç bir sənədin hüquqi qüvvəsi yoxdur”.
E.Mirbəşir bu fonda Ermənistanın özü üçün uyğun şərti gözlədiyini deyib. O, bunu Ermənistanın silahlanmasını yenidən regionda münaqişə yaratmağa çalışması ilə əlaqələndirib.
“Bu, Ermənistanın təkbaşına verdiyi qərar deyil. Ermənistanı himayə edən ölkələr Cənubi Qafqaz regionunda ciddi qarşıdurmalar yaratmağa çalışırlar. Qərb dövlətləri müxtəlif coğrafiyalarda Ermənistan kimi alətlərdən istifadə edərək qarşıdurmalar yaratmağı bacarıblar. İndi də Cənubi Qafqazda belə bir gərgin vəziyyəti yaratmağa çalışırlar”.
Professor Ermənistanın Avropaya inteqrasiya istiqamətini tutması ilə bağlı rəsmi mövqeyinə diqqət çəkib.
“Avropa İttifaqı dövlətləri ABŞ-ın rəhbərliyi altında Ermənistanla müdafiə, təhlükəsizlik sahəsində geniş əməkdaşlıqlar həyata keçirməkdədir. Avropa İttifaqı artıq özünün hərbi mövcudluğunu Ermənistanda təmin edib. ABŞ üzərindən NATO-nun Ermənistanda mövcudluğu var. Belə olan halda narahatlıq yaradan məqamlar meydana çıxır. Ermənistan Qərbin alətidir. Qərb bu alətdən istifadə etməklə Cənubi Qafqazda ziddiyyətlər yaratmaq istəyir. Çünki bu ziddiyyətlər Qərbin regiona müdaxilə imkanlarını daha da genişləndirir. Bu baxımdan Ermənistan sülh imitasiyaları ilə məşğuldur və bu, zaman qazanmağa xidmət edir. Ermənistan özü üçün hansısa bir münbit şəraitin yetişəcəyinə ümid edir”.
E.Mirbəşir Ermənistanın pərdə arxasında Qərblə təhlükəli danışıqlar şəraitində olduğunu qeyd edərək, regionun təhlükəsizliyi ilə bağlı preventiv addımlar haqqında düşünməyi zəruri sayıb. O, bütün bunlarla yanaşı hesab edir ki, Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini öz üzərində daşımaqdadır.
“Azərbaycan hərbi, siyasi, iqtisadi gücə malikdir. Azərbaycanın hazırkı güclü mövqeyi regional təhlükəsizliyə yaranacaq təhdidləri vaxtında aradan qaldırmağa imkan verəcək”.