“Əvvəllər Hüquq fakültəsində 3-4 qız görərdin. İndi isə qrupda oğlan tapmaq olmur. Bu gün Hüquq fakültəsi qızlar kollecinə çevrilib”.
Bunu BDU-nun hüquq fakültəsinin professoru Məhəbbət Dəmirçiyeva deyib.
Professor fakültədə oğlan tələbələrin, kişi hüquqşünasların getdikcə azalmasından narahatlığını bildirib.
Maraqlıdır, vaxtilə oğlanlara cazibədar görünən, ən “prestijli” fakultə sayılan, az qala hər beş oğlandan birinin can atdığı hüquq fakultəsi indi niyə öz aktuallığını itirib?
Yaxud, hüquqşünas olmaq istəyən qızları bu sahəyə nə cəlb edir?
Mütəxəssislərin fikrincə, bu, sosial və iqtisadi səbəblərlə bağlıdır.
Təhsil eksperti Elşən Qafarovun fikrincə, indi gənclər ixtisas seçərkən iş tapa bilib-bilməyəcəyini düşünürlər:
MÖVZU İLƏ BAĞLI:
"Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib" - VİDEO
“Gənc oğlanların böyük hissəsi indi İT mühəndisliyi, qızlar isə müəllimliyə yönəlirlər. Çünki burada iş tapmaq, əmək bazarı daha uyğundur. Hüquq sahəsinə gəlincə, bu ixtisasa üz tutanların sayı getdikcə azalır. Çünki iş tapmaq asan deyil. Orda ən yaxşı halda vəkil kimi çalışa bilirlər. Amma hər kəs də uğurlu vəkil ola bilmir. Səbəblər sırf bununla bağlıdır. Oğlanlar gələcəkdə ailə başçısı olacaqlar. Ona görə də daha gəlirli iş tapmaq haqda düşünürlər. Bu baxımdan son illərdə daha təlabatlı sahə məhz IT -dir. Ona görə də texnologiya sahəsinə üz tutanların sayı həddən artıq çoxdur”.
Elşən müəllim deyir ki, qızların ayrı-ayrı sahələrə üz tutmaları isə normaldır. Çünki müasir dövrdə qadınlar daha çox karyera qurmağa meyllidir və hüquq sahəsi onlara güclü, müstəqil bir imic qazandırır. Hüquq təhsili həm də qadınların ictimai mövqelərini gücləndirə biləcək sahə kimi qəbul edilir:
“Əvvəla, bizim qanunvericiliyimizdə gender bərabərliyi var. İstər təhsil müəssisələrində, istər işə qəbulda olsun, hər kəs eyni hüquqa malikdir. Eyni zamanda Dövlət Konstitusiyanın 42-ci maddəsinə görə hər bir şəxsin təhsil almaq hüququnu təmin edir. Sonrası da, indi bir çox sahələrdə qadınlar üstünlük təşkil edir. Biz çoxdandır buna alışmışıq. Məsələn, məktəblərdə müəllmlərin əksəriyyəti qadındır. Pedoqoji sahə demək olar ki, tamamilə qadınlaşıb. Tibb sahəsi, də həmçinin. Bunun da əsas səbəbi qadınların getdikcə ictimai-mədəni həyatda rolunun, çəkisinin artmasıdır”.
Rəna Cumaqızı, Bizim.Media