2024-cü ildə dünyada elektromobil satışı ciddi şəkildə artıb. Lakin bu artım dünya üzrə qeyri-bərabər paylanıb. Çində artım olduğu halda, Avropada azalma qeydə alınıb.
2024-cü ildə dünyada elektromobil satışı 25 faiz artıb. Çində artım çox ciddi olduğu halda, Avropada ilk dəfə azalma qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, statistikanı baş ofisi Londonda yerləşən “Rho Motion” analitik qrupu yayıb. Qrupun statistikasına görə 2024-cü ildə dünyada 17,1 milyon ədəd elektromobil satılıb. Bu da növbəti dünya rekordudur. Siyahıya doldurulabilən hibridlər aid edilmir.
Dünya üzrə elektromobil satışında mübahisəsiz liderlik yenə də Çinə aiddir. Ölkədə 11milyon ədəd elektrik dartılı maşın satılıb ki, bu da illik əsasda 40 faiz artım deməkdir.
Avropada isə 4 illik artımdan sonra 2024-cü ildə ilk dəfə 3 faiz geriləmə müşahidə olunub. Qitədə il ərzində 3 milyon elektromobil satılıb. Siyahıya Avropa İttifaqına üzv olmayan Birləşmiş Krallıq, Norveç, İsveçrə, Lixtenşteyn və İslandiya dsa daxildir. Qitədə il ərzində elektromobillərlə yanaşı, dizel və benzin mühərrikli avtomobillərin də satışı azalıb. Bunun əksinə, hibrid modellərə maraq artıb. Avropada elektromobil satışında ən ciddi geriləmə Almaniyada müşahidə edilib. Bunun səbəbi subsidiyaların dayandırılmasıdır. Avropa İttifaqında elektromobil satışına görə liderlik Britaniyaya aiddir. Ötən il Birləşmiş Krallıqda elektrik mühərrikli texnikanın satışı 24 faiz artıb. Bunun da səbəbi istehsalçıların düzgün satışı planı qurmasıdır.
Okeanın o tayında ABŞ və Kanadada 9 faiz artım müşahidə edilib. Bu da illik əsasda 9 faiz artım deməkdir. Analitik qrupun ekspertlərinin qənaətinə görə, elektromobil satışında artım və ya azalmanın səsəbləri hər yerdə demək olar eynidir. Ekspert Çarlz lesterin qənaətinə görə, “istər artım, istərsə də azalma hökumətlərin tətbiq etdiyi alətlərlə, məsələn müəssisələrə yardımla bağlıdır. Ənənəvi avtomobillərdən baha olan elektromobillərin satışına bonus və subsidiyaların tətbiqi böyük rol oynayır. Burada “kökə və qamçı” siyasəti yaxşı işləyir”.
“Rho Motion” qrupu 2025-ci illə bağlı proqnozunu da açıqlayıb. Qurumun ekspertlərinin fikrincə, Donald Tramp subsidiyaları dayandırarsa, bu, ABŞ-da elektromobil satışına mütləq təsir göstərəcək. Avropa İttifaqında isə ekeoloji normaların sərtləşdirilməsi ekeltromobil satışını təşviq edəcək. Çin isə Avropa bazarında “Stellantis” qrupunun törəmə müəssisi olan “Leapmotor” vasitəsilə möhkəmlənəcək.
Vüqar Yaşaroğlu