AZ

Konseysao debütdə qələbə qazandı - İCMAL

Yanvarın 2-də İtaliya Superkubokuna start verildi.

"Football-plus.az" xəbər verir ki, həmin gün turnirin ilk yarımfinal oyunu keçirildi. Ertəsi gün isə ikinci finalçı müəyyənləşdi.

Qeyd edək ki, 2024-cü ildən Superkubokun formatında dəyişiklik edilib. İtaliya çempionu ilə ölkə kubokunun son qalibi arasında keçirilən bir oyundan ibarət mübarizənin əvəzinə 4 komandanın iştirakı ilə mini-turnirin təşkilinə qərar verilib. Turnirə yenə Səudiyyə Ərəbistanı evsahibliyi edir. Reqlamentə əsasən, yarımfinal oyunlarında A seriyasının son çempionu “İnter” ilə ölkə kubokunun finalçısı “Atalanta”, vitse-çempion “Milan” isə kubokun sahibi “Yuventus” ilə qarşılaşdı.

Mərhələnin ilk oyunu cümə axşamı paytaxt Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirildi. “Atalanta” A seriyasında ötən ilin avqustunda 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəsə də, “İnter” bu dəfə də top buraxmadan qalib gəldi. Aşkar üstün oyun sərgiləyən İtaliya çempionunun hücumçusu Martines bir neçə əla imkandan yararlana bilmədi. Argentinalı hücumçunun bacarmadığını isə Dyumfris etdi. Niderlandlı futbolçu iki qol vurmaqla komandasını finala çıxardı. Onun klub və yığma karyerasında ilk dəfə dubl etdiyini də bildirək. “İnter” ardıcıl 4-cü dəfə turnirin finalında oynayacaq.

Həlledici oyunda Milan derbisinin həyəcanı yaşanacaq. Şəhərin eyniadlı komandası yanvarın 3-də keçirilən digər yarımfinal matçında “Yuventus”a qalib gəldi. İlk hissə turinlilərin üstünlüyü ilə keçdi. Amma Yıldızın vurduğu qol onlara qələbə gətirmədi. “Milan”ın baş məşqçi vəzifəsinə təyinat alan Serjio Konseysao debütdə qələbə qazandı. Onun yeni komandası fasilədən sonra rəqibdən üstün oyun sərgiləməklə azarkeşlərini sevindirdi. “Əl-Əvval Park”da əvvəlcə Pulişiç penalti ilə hesabı bərabərləşdirdi. Bir neçə dəqiqə sonra isə topa uğursuz təmas edən Qatti onu öz komandasının qapısına göndərdi. Maraq üçün “Yuventus”un yarımmüdafiəçisi Konseysaonun zədə səbəbindən atasının komandasına qarşı oynaya bilmədiyini də qeyd edək.

yarımfinal
İnter – Atalanta 2:0
Dyumfris, 49; 61.
İnter: Zommer, Dimarko (Darmian, 76), De Vrey, Bissek, Bastoni (Auqusto, 67), Dyumfris, Barella (Frattezi, 81), Mxitaryan, Çalhanoğlu (Asllani, 68), Lautaro Martines, M.Türam (Taremi, 46).
Atalanta: Karnesekki, Kolaşinats, Hin, Kossunu (Palestra, 68), Zappakosta, Rucceri (Ederson, 56), De Roon, Skalvini (Cimşiti, 62), Breşianini, Samarciç (De Ketelare, 56), Zanyolo (Lukman, 56).
Yuventus – Milan 1:2
Yıldız, 21 – Pulişiç, 71-p. Qatti, 76-öz qapısına.
Yuventus: Di Qreqorio, Makkenni (Facoli, 86), Kalulu, Qatti, Savona, Lokatelli (Vea, 86), K.Türam (Duqlas Luis, 79), Mbanqula (Kambyaso, 65), Koopmeyners, Yıldız, D.Vlahoviç (Qonsales, 65).
Milan: Menyan, Ernandes, Tiav, Tomori, Emerson (Qabbya, 82), Reynders, Bennaser, Fofana (Musa, 54), Pulişiç, Ximenes (Abraham, 61), Morata (F.Terraçano, 63).

final
İnter – Milan 2:3
Martines, 45+1. Taremi, 47 – T.Ernandes, 52. Pulişiç, 80. Abraham, 90+3.

Seçilən
12
football-plus.az

1Mənbələr