Bu gün Azərbaycanda xaricdə təhsilə maraq getdikcə artır. Dövlət xətti ilə xaricdə təhsil alanlar geri qayıdıb vətənlərində işləsələr də, şəxsi hesablarına təhsil alanlar üçün həmin ölkələrin təqdim etdiyi imkanlar daha cəlbedici görünür.
Bu isə sual doğurur: xaricdə təhsil almış həmvətənlərimizi necə geri qaytara bilərik və onların ölkəmizdə fəaliyyətə cəlb edilməsi üçün hansı imkanlar təklif olunmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə və xaricdə fəaliyyət göstərən şirkətlər arasında maaş fərqi və iş şəraiti bu prosesə əhəmiyyətli dərəcədə təsir göstərir:
"Azərbaycandan həm dövlət xətti, həm də şəxsi hesabına xaricdə təhsil alan gənclərin sayı az deyil. Onların bir qismi təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdıb işləməyə üstünlük verir, digərləri isə xaricdə qalmağı seçirlər. Xaricdə qalmağa üstünlük verənlərin əsas səbəblərindən biri, həmin ölkələrdə yaradılan yüksək imkanlar və şəraitdir. Bu vəziyyət reallıqda açıq şəkildə müşahidə olunur".
O əlavə edib ki, bu məsələ təkcə Azərbaycanda deyil, bir çox ölkədə aktualdır:
"Bir çox ölkə, gənclərin xaricdə qalmasının qarşısını almaq və onların vətənlərinə qayıtmasını təmin etmək üçün müxtəlif addımlar atır. Xaricdə qalmaq, gənclər üçün daha cəlbedici olduğundan, bu problemi həll etmək çətin olur.
Düşünürəm ki, Azərbaycanda da bu istiqamətdə xüsusi proqramlar hazırlanmalı və xaricdə təhsil almış gənclər üçün fərqli yanaşma tətbiq edilməlidir. Bu gənclərə yüksək maaşlar təklif edilməli və onların dövlət strukturlarında işləməsi üçün münbit şərait yaradılmalıdır. Yalnız bu cür addımlarla problemin həlli mümkün ola bilər".