ABŞ Ermənistandan tərəfdaşlıq sənədi çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edə bilər. Bu, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən elan edilən strateji əməkdaşlıq çərçivəsində ola bilər.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
"Bu qərardan irəli gələn əsas məsələ budur. Bizim müxtəlif müqavilələrimizdə də "strateji tərəfdaşlıq" terminologiyasından istifadə olunurdu. Lakin bizi heç vaxt üçüncü ölkəyə qarşı çıxmağa məcbur etməyiblər. Biz strateji tərəfdaşlarıq, deməli, siz Rusiyaya qarşı sanksiyalara qoşulmalısınız. İndi Serbiyadan bunu tələb edirlər. Ermənistandan da tələb edəcəklər", - o bildirib.
Onun fikrincə, ABŞ və müttəfiqləri sanksiya siyasətini beynəlxalq arenada öz fəaliyyətlərinin əsası ediblər.
Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar.