Tanınmış vəkil Turan Abdullazadə dövlət reyestrindən çıxarışı olan (“kupça”) torpaqda tikilən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün tələblər barədə vətəndaşların hüquqi baxımdan ünvanladıqları suallara aydınlıq gətirib.
T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, “Qaz təchizatı haqqında” qanuna əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək quraşdırma işləri istehlakçının seçdiyi podratçı tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir:
“Vətəndaşlar onlara məxsus yaşayış sahələrinin qazla təchiz edilməsi üçün qanunvericiliyin tələbləri əsasında, müvafiq sənədlərlə birlikdə “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidirlər. Fərdi yaşayış evləri qazlaşdırılarkən müvafiq sayğacların qaz xəttinin üzərində quraşdırılması “Azəriqaz” İB tərəfindən ödənişsiz həyata keçirilir. Fərdi yaşayış evlərinin qazlaşdırılması xidmətini göstərən podratçıların siyahısı tərtib edilib. Həmin məlumatlara “Azəriqaz” İB-nin rəsmi internet saytından keçid etmək imkanı yaradılıb. Müraciət etdikdən sonra podratçı təşkilatın sorğusu əsasında “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib edilir. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır”.
Vəkil bildirib ki, vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur: “Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində də podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Fərdi evlərin qazlaşdırılması ilə bağlı Azəriqaz İstehsalat Birliyi birbaşa məşğul olmur”.
Aytəkin Qardaşova