AZ

NATO ÖLKƏLƏRİ QORXU VƏ HƏYƏCAN İÇİNDƏDİR – Baş katib Baltik dənizinə xüsusi missiya göndəriləcəyini açıqladı

NATO-nun baş katibi Mark Rutte çərşənbə axşamı bildirib ki, təşkilat Baltik dənizi regionunda sualtı kabelləri qorumaq üçün yeni missiyaya başlayır.

“AzPolitika” xəbər verir ki, Rutte bu barədə NATO üzvü olan 8 Baltikyanı ölkə liderinin Helsinkidə keçirilən görüşündə bildirib.

Onun sözlərinə görə, missiya “Baltik keşikçisi” adlanacaq. "Bu, bir sıra aktivləri, o cümlədən freqatların və dəniz patrul təyyarələrinin istifadəsini əhatə edəcək və bu, Baltikyanı ölkələrdə sayıqlığımızı artıracaq", - Mark Rutte jurnalistlərlə söhbətində deyib. O, həmçinin "inkişaf etmiş müşahidəni və çəkindirməni təmin etmək üçün" kiçik bir dəniz pilotsuz təyyarələri donanmasının yerləşdirilməsi planlarının olduğunu söyləyib.

NATO liderlərinin Finlandiya paytaxtında görüşündən əvvəl Baltikyanı ölkələrdə Rusiyanın regionda mümkün təhlükəli fəaliyyətləri ilə bağlı narahatlığı artıran insidentlər baş verib.

“Associated Press” xəbər verir ki, baş katib Rutte Helsinkidə avropalı siyasətçilər ilə görüşərkən, Polşa dövlət televiziyası TVP xəbər verib ki, Rusiyanın “kölgə donanması”na aid gəmi Norveçdən Polşaya gedən qaz kəmərinin ətrafında dövrə vurub.

Bir gün əvvəl Avropa Parlamentində çıxış edən Mark Rutte demişdi ki, Aİ ölkələri müdafiə xərclərini ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə artırmalıdır, əks halda 4-5 ildən sonra avropalılar “rus dili kurslarına yazılmalı və ya Yeni Zelandiyaya getməli olacaqlar. "Biz indi təhlükəsizik, lakin dörd və ya beş ildən sonra vəziyyət dəyişə bilər", - Rutte vurğulayıb O, Avropadakı təhlükəsizlik vəziyyətindən dərin narahat olduğunu bildirib.

Çərşənbə axşamı NATO Baltik ölkələrinin liderlərinin görüşü üçün Helsinkidə olan Almaniya kansleri Olaf Şolts maraqlı açıqlamalar verib. Kansler bildirib ki, Rusiyanın “kölgə donanması” və sualtı kabellərin zədələnməsi ilə bağlı narahatlıqlar fonunda alman donanması Baltikyanı infrastrukturu qorumaq üçün gəmilər ayıracaq. Şoltsun sözlərinə görə, Almaniya artan təhlükəni nəzərə alaraq öz resurslarından istifadə etməyə hazırdır.

Bundan əvvəl məlum olmuşdu ki, NATO Baltikyanı ölkələrdə mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir və 10-a yaxın gəminin iştirak edəcəyi müşahidə missiyasına başlayır. Şimali Atlantika Alyansının iki yeni üzvü olan Finlandiya və İsveç də missiyanı gəmiləri ilə təmin etməyə hazır olduqlarını açıqladılar.

Rusiyanın “kölgə donanması” dedikdə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, neft və digər malların ixracı üçün istifadə etdiyi, çox vaxt köhnə və pis vəziyyətdə olan, qeyri-şəffaf mülkiyyət strukturlarına malik tankerlər və digər yük gəmiləri nəzərdə tutulur.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
21
azpolitika.info

1Mənbələr