AZ

Zelenski Emmanuel Makronla Ukraynaya qoşun yeridilməsi məsələsini müzakirə edib

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukrayna ərazisinə Qərb hərbçilərinin yerləşdirilməsi məsələsini növbəti dəfə qaldırıb.

KONKRET.az xəbər verir ki,  bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib: “Bu gün mən Fransa prezidenti Emmanuel Makronla danışdım. Biz döyüş meydanındakı vəziyyəti və Ukrayna qüvvələrinin Kursk əməliyyatındakı uğurlarını ətraflı müzakirə etdik. Biz həmçinin Fransanın Ukraynaya qoşun yeritmək təşəbbüsü də daxil olmaqla, effektiv sülh və təhlükəsizlik təminatlarının hazırlanması üçün əsas müttəfiqlərlə sıx əməkdaşlıq etməyə razılaşdıq. Biz onun həyata keçirilməsinin praktiki addımlarını, mümkün genişləndirilməsini və digər ölkələrin bu prosesə cəlb olunmasını nəzərdən keçirdik”.

Dekabrda Brüsselə səfəri zamanı Zelenski Makronla görüşüb, həmçinin Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsini müzakirə edib. O zaman Fransa prezidentinin “köhnə ideyasını” dəstəklədiyini bildirən Zelenski, təfərrüatları açıqlamayıb və bunun sadə proses olmadığını, risklərin olduğunu bildirib.

Daha əvvəl “Reuters” Avropa və Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən xəbər vermişdi ki, Avropa ölkələri atəşkəs və ya barışıq əldə olunacağı təqdirdə, sayı 100 minə qədər əsgər ola biləcək Ukraynaya qoşun yeritmək məsələsini müzakirə edir. Agentlik həmçinin bildirib ki, Makron və Polşanın baş naziri Donald Tusk Varşavada keçirilən görüşdə Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi imkanını müzakirə ediblər. Makronla danışıqlardan sonra Tusk bəyan edib ki, Polşa atəşkəsdən sonra belə Ukraynaya qoşun göndərmək fikrində deyil. Noyabr ayında Makron bunu Britaniyanın baş naziri Key Starmerlə də müzakirə edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
2
konkret.az

1Mənbələr