Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Aİ lideri “X”də paylaşım edib.
O, Nikol Paşinyanla Aİ-Ermənistan münasibətlərində “müsbət dinamikanı” müzakirə etdiklərini bildirib.
Eyni zamanda, Antonio Koşta Ermənistan lideri ilə söhbətində “Aİ-nin ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı daha da gücləndirmək və bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək öhdəliyini ifadə etdiyini” vurğulayıb.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Ermənistan Aİ ilə münasibətləri sıxlaşdırır və intensiv edir:
"Bir müddət sonra tərəflər arasında çox ciddi sənəd imzalana bilər. Hətta Ermənistanın Aİ-yə üzvlüyünə dair memorandumun da ərsəyə gəlmə ehtimalı var. Bu, uzunmüddətli proses olsa da, hadisələr belə inkişaf edir. Digər tərəfdən Rusiya buna heç bir reaksiya verə bilməz. Lakin Ermənistanın Aİ ilə münasibətlərin daha sıx olması vəziyyətin dəyişməsini mümkün edir. Eyni zamanda Rəsmi Moskva bildirdi ki, Ermənistan Avropaya inteqrasiya edərsə, Aİİ-dən çıxmalı olacaq. Bu da Ermənistanın hazırda Aİİ-dəki müəyyən imtiyazlarının ləğvi deməkdir. Sözügedən vəziyyət isə rəsmi İrəvan üçün tədricən qazın qiymətinin bahalaşması, Rusiya ilə müəyyən ticarət mübadiləsinin şərtlərinin dəyişdirilməsi və s.-lə nəticələnəcək. Ümumiyyətlə Rusiya və Ermənistan münasibətləri kritik vəziyyətə yaxınlaşır".